...

"The Oil and Gas Year" jurnalının Azərbaycan üzrə redaktoru AzərTAc-a əməkdaşlıq təklif etdi

Cəmiyyət Materials 8 Avqust 2014 19:53 (UTC +04:00)
“The Oil and Gas Year” jurnalının Azərbaycan üzrə redaktoru, argentinalı Tomas Gerbasio avqustun 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
"The Oil and Gas Year" jurnalının Azərbaycan üzrə redaktoru AzərTAc-a əməkdaşlıq təklif etdi

Azərbaycan, Bakı, 8 avqust /Trend/

"The Oil and Gas Year" jurnalının Azərbaycan üzrə redaktoru, argentinalı Tomas Gerbasio avqustun 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

Trend AzərTAc-a istinadən xəbər verir ki, görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verildi. AzərTAc ilə İspaniyanın "EFE" və Argentinanın "TELAM" agentlikləri arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor Aslan Aslanov bu qurumların nüfuzlu beynəlxalq informasiya təşkilatlarında da uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcəyini bildirən baş direktor Aslan Aslanov bu nailiyyətlərin artıq dünya informasiya məkanına çıxmış agentliyin beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar yaratdığını vurğuladı.

Qeyd edildi ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçulardan birinə çevrilib. İnkişafın Azərbaycan modelinə dünyada maraq getdikcə artır və ölkəmizin təcrübəsi müvafiq beynəlxalq qurumlar tərəfindən öyrənilir. Dünyanın mötəbər informasiya agentliklərinin də Azərbaycana artan marağı ölkəmizin uğurlarından və bu uğurların fonunda AzərTAc-ın beynəlxalq informasiya məkanındakı layiqli mövqeyindən qaynaqlanır.
Argentina mətbuatında Azərbaycan həqiqətlərinin və ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı xəbərlərin daha çox yayılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdıran baş direktor "TELAM" agentliyi ilə əməkdaşlığın perspektivlərindən də söhbət açdı. Məlumat verildi ki, bu agentliyin yaratmağı nəzərdə tutduğu yeni "ANSUR" informasiya portalında Azərbaycan bölməsi də fəaliyyət göstərəcək. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcək.

Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyən Tomas Gerbasio iki ölkə arasında münasibətlərin sağlam məcrada davam etməsində xəbər agentliklərinin mühüm rol oynadığını qeyd etdi. Dünya informasiya məkanında nüfuzu getdikcə artan AzərTAc ilə əməkdaşlığın onlar üçün faydalı olacağını deyən Tomas Gerbasio əlaqələrin dərinləşdirilməsi ilə bağlı yeni layihəni hazırlayıb təqdim edəcəyini bildirdi.

Tomas Gerbasio AzərTAc-ın loqosunun, informasiyalarının, fotomateriallarının "The Oil and Gas Year" jurnalında yerləşdirilməsində maraqlı olduğunu və onun əməkdaşlıq təklifinin müsbət qarşılanacağına əminliyini vurğuladı. Qonaq, həmçinin "The Oil and Gas Year" jurnalının keçirəcəyi tədbirlərin AzərTAc tərəfindən işıqlandırılması təklifini də irəli sürərək, qarşılıqlı əməkdaşlığın və yardımın əhəmiyyətini qeyd etdi.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrindən danışan Tomas Gerbasio Azərbaycan-Argentina münasibətlərinin inkişafını, eləcə də informasiya mübadiləsinin genişləndirilməsi istəyini yüksək dəyərləndirdi.
Görüşdə AzərTAc ilə "The Oil and Gas Year" jurnalı arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti