...

Bu il Azərbaycanın meşələrində baş verən yanğınlar nəticəsində 5000 manatadək ziyan dəyib

Cəmiyyət Materials 14 Avqust 2014 14:11 (UTC +04:00)
Bu yay mövsümü ərzində Azərbaycanın meşə fonduna daxil olan ərazilərində indiyədək 7 yanğın hadisəsi baş verib. İlkin məlumatlara əsasən, həmin hadisələr nəticəsində 4500-5000 manat ziyan dəyib.
Bu il Azərbaycanın meşələrində baş verən yanğınlar nəticəsində 5000 manatadək ziyan dəyib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu yay mövsümü ərzində Azərbaycanın meşə fonduna daxil olan ərazilərində indiyədək 7 yanğın hadisəsi baş verib. İlkin məlumatlara əsasən, həmin hadisələr nəticəsində 4500-5000 manat ziyan dəyib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın məbləğinin daha dəqiq müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.

S.Salmanovun sözlərinə görə, 2013-cü ildə aparılan qabaqlayıcı tədbirlər öz nəticəsini vermişdi və meşə ərazilərində yanğın baş verməmişdi. Amma cari ildə qabaqlayıcı tədbirlərin aparılmasına baxmayaraq, Oğuz, Lerik, Masallı, Siyəzən və Qəbələdə - ümumilikdə 45 hektar meşə ərazisində yanğın baş verib. Lerik və Siyəzəndə baş vermiş yanğından dəyən ziyanın məbləği daha çox olub: "Yanğın zamanı dəyən ziyan müəyyənləşdirilərkən oduncaq itkisinə yol verilib-verilmədiyi müəyyən edilir. Faktiki olaraq, bu yanğınlar zamanı oduncaq itkisinə yol verilməyib, kol-kos yanıb. Ona görə də dəymiş ziyan böyük məbləğdə deyil".

Yanğınların səbəblərinə gəldikdə, S.Salmanov deyib ki, builki yanğınlar antropogen təsirlər üzündən baş verib. Onun sözlərinə görə, meşədə yanğınların baş verməsinə yalnız havanın isti və quraq keçməsi səbəb olmur. İnsanların ehtiyatsız davranışı da yanğınların baş verməsinə gətirib çıxarıb: "Meşələrdə yanğına səbəb olan iki əsas antopogen amil var ki, onlar da insanların odla ehtiyatsiz rəftarı və taxıl biçimindən sonra otların yandırılmasıdır. Bizim meşə ərazilərimiz bələdiyyə və və digər mülkiyyətdə olan torpaq sahələri ilə həmsərhəd olduğu üçün orada taxıl biçildikdən sonra otları yandırdıqda yanğın meşə ərazilərinə keçir".

Nazirlik rəsmisi qeyd edib ki, bu il havaların isti və quraq keçməsi meşələrdə yanğının baş vermə təhlükəsini artırıb. Oktyabrın sonuna kimi meşələrdə yanğın təhlükəsi gözlənilir. Bununla əlaqədar ETSN-in Meşələrin İnkişafı Departamenti həmin müddətə kimi gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti