Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq, Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək.
İdarədən Trend-ə verilən məlumata görə, görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Məktəblərdə keçiriləcək səyyar qəbullarda BŞTİ-nin rəhbər şəxsləri müəllim və valideynləri narahat edən məsələləri diqqətlə öyrənəcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı, maarifləndirmə tədbirləri görüləcək.
Görüşlərin yeri və vaxtı barədə öncədən ictimaiyyətə məlumat veriləcək.