Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıdakı AMAY ticarət mərkəzində baş vermiş yanğın zamanı binanın elektrik kabelləri sıradan çıxıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, Xidmətə saat 10:30-da Xətai rayonu AMAY ticarət mərkəzində yanğın baş verməsi barədə siqnal daxil olub və dərhal da yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib: "Yanğın AMAY ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən birotaqlı ofisdə baş verib. Yanğın nəticəsində ofisin 30 kvadratmetr ərazisi yanıb. Bundan əlavə, binanın elektrik kabelləri 1-ci mərtəbədən 8-ci mərtəbəyədək sıradan çıxıb. Hazırda yanğının baş vermə səbəbinin araşdırılması üçün təhqiqat qrupu yaradılıb".
Qərargah rəisi bildirib ki, yanğınsöndürənlərin hadisə yerinə gəlməsindən sonra hər hansı xəsarət faktı qeydə alınmayıb: "Kimsə bizə qədər xəsarət alıbsa da, bu barədə hələlik məlumatımız yoxdur".
Ə.Novruzov həmçinin qeyd edib ki, binada yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinə də zərər dəyməyib.