...

Zakir Qaralov Nərimanov rayon prokurorunun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 1 Oktyabr 2014 11:44 (UTC +04:00)
"İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar".
Zakir Qaralov Nərimanov rayon prokurorunun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

"İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar". Trend xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokuroru, onun müavini və köməkçisinin işdən azad olunması və cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.

Z.Qaralov bildirib: "Bu gün cinayət məsuliyyətinə cəlb olunan şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevdir. Digər işçilər haqqında cinayət işini ayırmışıq. Bu gün həmin istiqamətdə istintaq göstərəcək ki, kimsə məsuliyyətə cəlb olunmalıdır, yoxsa yox".

Qeyd edək ki, Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti