Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Kanada və ABŞ alimləri tərəfindən Ebola virusuna qarşı peyvənd hələ on il əvvəl hazırlanıb. Lakin əczaçılıq şirkətləri tərəfindən ona maraq olmaması peyvəndin kliniki sınaqlarına başlamağa imkan verməyib. Trend xəbər verir ki, bu barədə RİA Novosti "New York Times" qəzetinə istinadən məlumat verib.
Nəşr 2005-ci ildə "Nature" jurnalından dərc edilmiş məlumatdan sitat gətirərək yazır ki, alimlər Ebola virusuna qarşı peyvənd hazırlamağa nail olublar və peyvənd primatlarda öz səmərəliliyini sübut edib. Peyvəndin vurulduğu heyvanlarda xəstəliyə qarşı davamlı immunitet yaranıb. Artıq o zaman alimlər adamlar arasındakı xəstəliyə qarşı mübarizədə bu peyvəndin əhəmiyyətini qeyd ediblər və iki il ərzində insanlara bu peyvəndin sınaqlarına başlamağı, 2010-2011-ci illərdə isə artıq peyvəndə görə lisenziyanın alınması prosesini başa çatdırmağı nəzərdə tutublar.
"New York Times" yazır ki, lakin Ebolanın son dərəcə az təsadüf edilən xəstəlik olması ilə əlaqədar "əczaçılıq şirkətlərinin əksəriyyəti ödəniş qabiliyyəti aşağı olan ölkələrdə tələbatın olduğu bu məhsula böyük məbləğdə vəsait xərcləməkdən imtina ediblər".
Nəşr yazır ki, Tennesi ştatının Vanderbild Univeristetinin Peyvəndlərin hazırlanması mərkəzinin rəhbəri Krounun sözlərinə görə, əgər "peyvəndin elmi işlənməsi bir neçə milyon dollara başa gələrsə, onun adamlar üzərində sınaqdan keçirilməsi və istehsalı artıq yüz milyon dollarlara başa gələcək, bazarа çıxdığı anadək isə ümumi investisiyaların həcmi 1-1,5 milyard dollara çata bilər".
Çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, yaxın iki həftə ərzində pasiyentlər üzərində Ebola virusuna qarşı peyvəndin sınaqlarına başlanacaq.