...

Azərbaycan Texniki Universitetində açılış olub

Cəmiyyət Materials 3 Noyabr 2014 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

1 noyabr 2014-cü ildə Azərbaycan Texniki Universitetində (ATU) "Layihələrin idarə olunması və İnnovasiyalar Mərkəzinin" açılışı oldu. Mərkəzin açılışı 1 noyabr Ümumdünya Layihə Menecerləri peşə bayramı gününə təsadüf edir. Mərkəzin rəsmi açılışında çıxış edən Azərbaycan Texniki Universitetin rektoru, Professor Havar Məmmədov qeyd etmişdir ki, Azərbaycanda Beynəlxalq Layihə Menecerləri günü ATU-nun nəzdində yeni yaradılmış Layihələrin idarə olunması və İnnovasiyalar Mərkəzinin açılışı həm Universitet, həm də Respublikamızın layihə menecerləri üçün sevindirici bir hadisə kimi yadda qalacaqdır.

Rektor xüsusən bu mərkəzin yaradılmasına təşəbbüskarlıq göstərən və ona metodoloji dəstək olan Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyanın Azərbaycan nümayəndəliyinə (AzPMA) öz minnətdarlığını bildirmiş və gələcəkdə birgə fəaliyyət göstərərək gənc tələbə və aspirantların bu peşənin daha da dərindən öyrənilməsinə şəraitin yaradılmasını və ölkəmizdə peşəkar mütəxəsisslərin hazırlanmasında mərkəzin xüsusi rol oynamağını bir daha qeyd etmişdir.
Mərkəzin yaradılmasının əsas məqsədi, ölkəmizdə layihə menecmenti üzrə beynəlxalq standartların və onun metodologiyasının tətbiq edilməsi, tələbələr ilə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi məqsədilə "məntiqi körpünün" yaradılması, gənc alim və mütəxəsisslərlə layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlıdır.

Açılış mərasimində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının standartlarına uyğun sertifikatlaşdırma proqramını müvəffəqiyyətlə başa vurmuş və imtahandan müsbət nəticə əldə etmiş bir neçə yerli mütəxəssislərə beynəlxalq dərəcəli "Layihə Meneceri" diplomlar təqdim olunmuşdur.

Daha sonra, mərkəz Azərbaycan Texniki Universitetinin və AzPMA-nın birgə layihəsi kimi yerli layihə menecerlərinə təqdim olunmuş və mərkəzdə Azərbaycan layihə menecerləri və PROJECT MANAGERS CLUB görüşü çərçivəsində seminar işinə başlamışdır.

***
Azərbaycan Texniki Universiteti (ATU) haqqında qısa arayış
Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.

1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hal-hazırda universitet maşınqayırma, metallurgiya, informatika və komputer texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə 28 istiqamətdə, 70-dək ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlayır.

Universitetin rektoru professor Havar Məmmədovdur.

Bu fakültələrin 46 kafedrasında 600 nəfərdən artıq professor-müəllim heyəti, o cümlədən 68 professor, elmlər doktoru, 332 dosent, elmlər namizədi (PHD) çalışır. Alimlik dərəcəsi almaq üçün 50-dən artıq yerli və xarici ölkə mütəxəssisləri elmi araşdırmalar aparır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir.

Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı elmi-texniki jurnalda çap olunur. 700 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompüteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.

Universitet BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir.
***
AzPMA haqqında qısa arayış
AzPMA təşkilatı haqda arayış AzPMA Azərbaycanda International Project Management Association (IPMA) -nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.

AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 204 peşəkar IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti