...

Qərbi Azərbaycan əyalətinin Mahabad şəhəri yaxınlığında neft-kimya zavodu istifadəyə veriləcək

Cəmiyyət Materials 27 Noyabr 2014 11:02
İranın Qərbi Azərbaycan əyalətinin ən böyük sənaye kompleksi olan, Mahabad şəhəri yaxınlığında yerləşən neft-kimya zavodu yaxın iki ay ərzində istifadəyə veriləcək.
Qərbi Azərbaycan əyalətinin Mahabad şəhəri yaxınlığında neft-kimya zavodu istifadəyə veriləcək

Trend-i buradan izləyin

İran, Urmiya, 27 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətinin ən böyük sənaye kompleksi olan Mahabad şəhəri yaxınlığında yerləşən neft-kimya zavodu yaxın iki ay ərzində istifadəyə veriləcək. Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan əyaləti rəhbərinin müavini, Mahabad şəhərinin başçısı Cəfər Kətani azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

C.Kətani bildirib ki, zavodda istehsal olunacaq məhsullar təkcə Mahabadın deyil, digər qonşu 4 əyalətin də tələbatının ödənilməsinə yönləndiriləcək: "Neft-kimya zavodunun tikintisi özəl şirkət tərəfindən həyata keçirilir. Onun xammalı Əsəluədən təmin olunacaq. Kirmanşah əyalətindən Qərbi Azərbaycan əyalətinə kimi boru xətti çəkilib və bu kəmər vasitəsi ilə xammal həmin zavoda göndəriləcək".

Onun sözlərinə görə, neft-kimya zavodunda ildə 300 min ton polietilen istehsal ediləcək: "Mahabad Qərbi Azərbaycan əyalətinin turizm, kənd təsərrüfatı və sənaye sahəsində geniş potensiala malik şəhərlərindən biridir. Şəhərə yaxın yerləşən Sehulan mağarasını turizm mərkəzinə çeviməklə bağlı planlarımız var. Mahabad kənd təsərrüfatı, xüsusilə quşçuluq və bağçılıq üzrə əyalətin qabaqcıl şəhərlərindən biridir".

Şəhər başçısı deyib ki, magistral yollarla bağlı da işlər gedir. Yaxın iki il ərzində bütün yollar ikitərəfli olacaq. Burada həmçinin dəmiryol xətti istifadəyə verilib.

C.Kətani deyib ki, Mahabad Qərbi Azərbaycan əyalətində sünnilərin yaşadığı bölgədir: "Ökənin məsul şəxslərinin iradəsi ilə bu bölgə günbəgün inkişaf edir. Bölgədəki sabitlik bizim məsul şəxslərimizin düşünülmüş düzgün siyasətdir ki, bu da İslam İnqilabı sisteminin gücünü göstərir".

Onun sözlərinə görə, bölgədə müxtəlif dinlərin və etniklərin nümayəndələri yaşayır və onlar arasında heç bir gərginlik yoxdur. Bu, iranlıların yüksək mədəniyyətə sahib olduğunu göstərir: "Azərbaycan bizə dost və eyni dindən olan qonşu ölkədir. Biz Azərbaycanla əməkdaşlıq etməkdə çox maraqlıyıq. Azərbaycanlı qardaşlarımızı turizm, sənaye və kənd təsərrüfatı sahəsində burada sərmayə yatırmağa dəvət edirik".

Qeyd edək ki, Mahabad şəhərinin əhalisi 160 min nəfərə yaxındır. Ətraf kəndlərin əhalisi isə 60 min nəfərdir. Mahabadın ətrafında 196 kənd var. Ümumilikdə ərazisi 27 min kvadrat kilometrdən artıqdır. Buranın əhalisini kürdlər və sünnilər təşkil edir, amma burada azərbaycanlı şiələr də yaşayır. Kürdlər əhalinin 98, azərbaycanlılar isə 2 faizini təşkil edir.

C.Kətani deyib ki, yaxın vaxtlarda Mahabadda xüsusi iqtisadi zona yaradılacaq. Bu zonadan qonşu ölkələrə ixrac məhsullarının daşınması daha rahat və əlverişli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, Mahabad şəhərinin adı son illərə qədər "Soyuqbulaq" olub. Hazırda yerli əhalisinin əksəriyyətini etnik kürdlər təşkil edən bu şəhərdə 30 il əvvələ qədər əhalinin əksəriyyəti etnik Azərbaycan türkləri olub.

Soyuqbulaq şəhərinin əsası XVI əsrdə Şah İsmayıl Səfəvi tərəfindən qoyulub. Məlum olduğu kimi, "Soyuqbulaq" adı türk toponimidir. Hazırda Azərbaycan torpaqlarında eyni adı daşıyan yaşayış məskənləri mövcuddur (Gədəbəydə eyniadlı kənd və Ağstafada eyniadlı qəsəbə). Bəzi ehtimallara görə, bu yaşayış məskənlərinin əhalisi Qərbi Azərbaycanın Soyuqbulaq mahalından (İran, indiki Mahabad ş.) köç ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti