...

ƏƏSMN-də ATİB və TÜSİAB-ın üzv şirkətlərinin nümayəndələri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2014 10:46 (UTC +04:00)
Dekabrın 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzv şirkətlərinin nümayəndələri ilə görüş olub.
ƏƏSMN-də ATİB və TÜSİAB-ın üzv şirkətlərinin nümayəndələri ilə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Dekabrın 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzv şirkətlərinin nümayəndələri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf tempinin 2014-cü ildə də uğurla davam etdiyini vurğulayıb. Nazir müavini başa çatmaqda olan bu ilin 11 ayında respublikada iqtisadi artımın 2,2 faiz, o cümlədən qeyri-neft sektorunda 6,5 faiz təşkil etdiyini, əhalinin gəlirlərinin 4,7 faiz, orta aylıq əmək haqqının 5,5 faiz artdığını diqqətə çatdırıb: "Daim Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa uyğun fəaliyyət göstərən ATİB və TÜSİAB ölkəmizin iqtisadiyyatına öz töhfələrini verirlər. Bu təşkilatların üzvü olan şirkətlərin xüsusən Azərbaycanın qeyri-neft sektoru üzrə fəaliyyətlərini getdikcə genişləndirmələri də təqdirəlayiqdir".

İ.İsayev bildirib ki, ölkəmizdəki türk iş adamlarına məxsus müəssisələrdə on minlərlə işçi çalışır: "Bu görüşdə də məqsəd ölkəmizdəki türk şirkətlərini təmsil edən şəxslərə əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlər, o cümlədən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi barədə ətraflı məlumatların verilməsidir. Çünki təcrübə göstərir ki, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunması onların bu sahədə məlumatlılıq səviyyəsindən də asılıdır". Nazir müavini cari il iyulun əvvəlindən ölkəmizdə mükəmməl proqram təminatı əsasında tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, bununla bağlı istifadəyə verilən elektron xidmətlər, qeyd olunan islahat tədbirinin əhəmiyyəti barədə dolğun məlumat verib.

N.Ata son vaxtlarda ƏƏSMN-nin öz fəaliyyətinin digər sahələrində olduğu kimi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların uğurlu bir təcrübə kimi diqqəti cəlb etdiyini vurğulayıb. O, türk iş adamlarına məxsus müəssisələrin nümayəndələri üçün əmək qanunvericiliyinin tətbiqi məsələləri ilə bağlı belə bir məlumatlandırma tədbirinin keçirilməsinə görə təşəkkürünü ifadə edib.

Daha sonra ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi proseduru haqqında tədbir iştirakçılarına praktik bilgilər verib. Görüşdə əmək münasibətlərinin elektron qeydiyyatı prosesi, işçilərin hüquqlarının təminatı, iş yerlərində bu və ya digər şəraitdə əmək münasibətlərinin hüquqi tənzimlənməsi və s. məsələlərə dair suallar ətraflı şəkildə cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti