Azərbaycan, Bakı, 9 yanvar /Trend/
"Azərbaycan Hava Yolları"nın (AZAL) bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edilib. Bu barədə Trend AZAL-a istinadən məlumat verir.
Bundan başqa, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına da yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır.
Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) "Azərbaycan Hava Yolları"nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.