...

"Bakcell" şirkətini Azərbaycana qarşı təxribatda günahlandırdılar: Qarşı tərəf izahat verdi (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2015 18:07 (UTC +04:00)
"Bakcell" şirkətinin dəstəyi ilə həyata keçirilmiş layihə çərçivəsində "Azərbaycan: səmadan baxış" adlı kitab çap olunub. Azərbaycan və ingilis dillərində olan kitab ölkədə və bütün dünyada yayılır.
"Bakcell" şirkətini Azərbaycana qarşı təxribatda günahlandırdılar: Qarşı tərəf izahat verdi (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

"Bakcell" şirkətinin dəstəyi ilə həyata keçirilmiş layihə çərçivəsində "Azərbaycan: səmadan baxış" adlı kitab çap olunub. Azərbaycan və ingilis dillərində olan kitab ölkədə və bütün dünyada yayılır. Kitab "ArtGroup" İstanbul şirkəti və alban fotoqraf Alket İslami tərəfindən hazırlanıb. Lakin kitabda böyük qalmaqala səbəb olan ciddi səhvə yol verilib.

Trend xəbər verir ki, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bəyanatla çıxış edərək bu səhvin Azərbaycan tarixinə təxribat səviyyəsində olduğunu bildirib: "Azərbaycan: səmadan baxış" adlı kitabla tanışlıq məndə dərin təəssüf hissinə səbəb olub, çünki "Bakcell" şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin ən nüfuzlu biznes strukturlarından biridir. Mən şübhə etmirəm ki, şirkət ölkəmizdə yaxşı qazanır. Əvvəlcə kitabı vərəqləyərkən sevindim ki, şirkət bu şəkildə Azərbaycanı təbliğ edir. Həqiqətən də Bakcell-in baş direktoru Riçard Şirer öz giriş sözündə bildirib ki, bu kitab oxuculara Azərbaycanı yenidən kəşf etmək imkanı verir. Ən ciddi təəccüb doğuran odur ki, Azərbaycanda fəaliyyət göstərən bu şirkət ölkəmizin bir tarixi abidəsini Gürcüstan abidəsi kimi təqdim edib. Söhbət kitabın iki yerində "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədindən gedir. Hesab edirəm ki, bu, Azərbaycan tarixinə, bizim abidələrimizə, ölkənin ərazisinə qarşı düşünülmüş bir təxribatdır. Düşünürəm ki, bu təxribat iki strateji müttəfiq - Azərbaycanla Gürcüstan arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq üçün nəzərdə tutulub. Gürcüstanla sərhəddən kifayət qədər uzaqda yerləşən bu məşhur Alban məbədinə belə bir münasibəti başqa nə ilə izah etmək olar?"

Y.Mahmudov qeyd edib ki, Kürmük məbədi qədim Alban monastırıdır, həm müsəlmanların, həm də xristianların ziyarət yeridir: "Buraya ildə iki dəfə qonşu rayonlardan, həmçinin xaricdən bayram etməyə zəvvarlar, əsasən müsəlmanlar axışırlar. Bayramlar yazda, əkin başlamazdan əvvəl və payızda, məhsul yığımından sonra keçirilir. Burada monastır Azərbaycan dövlətçiliyinin Alban dövründə inşa edilib. Ərazinin işğalı zamanı Rusiya Car-Balakən camaatı, Şəki xanlarının, İlisu sultanlarının şiddətli müqaviməti ilə üzləşib. Böyük çətinliklərlə Daniyal sultanı məğlub edərək, Rusiya İlisu sultanlığını ləğv edib və 19-cu əsrin ikinci yarısında bu torpaqlarda xristian kilsələrini tikməyə başlayıb. Bu pravoslav kilsələrindən biri də "Azərbaycan: səmadan baxış" kitabında "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədidir. Bu kilsə qədim Alban monastırının xarabalıqları üzərində 1892-1894-cü illərdə tikilib. Bu faktı Azərbaycan, Rusiya, Gürcüstan arxivlərinda olan sənədlər təsdiq edir. Kürmük məbədi Rusiya imperiyasının Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti hesabına və xristianlığı qəbul etmiş ingiloyların ianələri ilə inşa edilib. Xristianlığı Əlibəyli və Kötüklü ingiloy kəndlərinin əhalisi qəbul edib. Butün bunları nəzərə alaraq, demək olar ki, "Bakcell" şirkətinin Azərbaycanı bu cür "yenidən kəşf" etməsi Azərbaycan xalqına, dövlətimizə, dövlətçiliyimizə, Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı böyük bir təxribatdır. Belə şey yolverilməzdir, çünki bu şirkət vətəndaşlarımızın hesabına yaxşı qazanc əldə edir və bu vəsaitin bir qismi Azərbaycan xalqına, bizm milli oyanışımıza, dirçəlişimızə, humanitar problemlərin həllinə sərf olunmalıdır, bizim əleyhimizə yönəlməli deyil".

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Bakcell-dən bildiriblər ki, burada sadəcə texniki yanlışlığa yol verilib və heç bir təxribatdan söhbət gedə bilməz: "Əlbəttə ki, biz Azərbaycan tarixinə, mədəniyyətinə böyük hörmətlə yanaşırıq. Bu sahələri dəstəkləmək üçün bir çox layihələr həyata keçirirk. Bu layihələrdən biri də "Azərbaycan: səmadan baxış" adlı kitabın hazırlanması və kitab üçün şəkillər çəkilməsi ilə bağlı idi. Bu layihə Türkiyənin bizimlə tərəfdaş olan "ArtGroup" şirkəti ilə birgə həyata keçirilib. Kitaba şəkillərin hazırlanması üçün isə Albaniyadan olan fotoqraf cəlb olunub. "Bakcell" şirkəti bu işin sifarişçisidir və şirkətimiz bu işə maliyyə dəstəyi verib. Məsələ ilə bağlı "ArtGroup" şirkəti ilə əlaqə saxladıq. Onlar bizə prosesi belə izah etdilər ki, həmin şəkillər helikopterlə səmadan çəkilib və koordinatlar müəyyən olunaraq "Google map"ə yüklənib, sonra da ora abidələrin adları daxil edilib. Təəssüf ki, bu qədər çox abidələrin, şəkillərin içində belə bir yanlışlıq baş verib. Biz də, tərəfdaş şirkət də buna çox təəssüf edirik. Bundan sonra bu şəkillər harada elektron formada çıxarsa və ya nəşr olunarsa, biz Tarix İnstitutunun rəyini mütləq nəzərə alıb orada dəyişiklik edəcəyik. Lakin bunun hər hansı təxribatla heç bir əlaqəsi yoxdur. Bu, sadəcə texniki yanlışlıqdan baş vermiş hadisədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti