Azərbaycan, Bakı, 10 mart/Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə cəmiyyətdə qadının mövqeyi barədə müzakirələr aparılıb.
Tədbirdə əməkdar jurnalist Flora Xəlilzadə, istedadlı telejurnalist, şair və puplisist Telli Pənahqızı, Fondun əməkdaşları və müxtəlif universitetlərdən olan könüllülər iştirak ediblər.
"Fikir şənbə"si klubunun üzvləri "Zəif, yoxsa zərif varlıq" mövzusunda maraqlı fikir mübadiləsi aparıblar. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bütün xanımları Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara sağlam həyat və cəmiyyətdə fəal mövqe tutmağı arzulayıb, xanımlara çiçək dəstələri bağışlayıb.
Tədbir iştirakçıları qədim zamanlardan qadına verilən yüksək qiymətdən, Peygəmbərin hədislərindən, "Kitabi-Dədə Qorqud"dan, tanınmış filosof və mütəfəkkirlərdən nümunələr gətiriblər.
Flora Xəlilzadə tarix boyu yaşamış hökmdar qadınlardan bəhs edərək gənc qızlara maraqlı örnəklər göstərib.
Qadın haqqında yazdığı şeirləri səsləndirən Telli Pənahqızı xanımların mənəvi və əxlaqı dəyərlərinə dair fikirlərini bölüşüb.
Gənclər artıq cəmiyyətdə nüfuz sahibi olan xanımlara onları maraqlandıran sualları ünvanlayıblar.