Azərbaycan, Bakı, 13 mart /Trend/
Bakı dairəvi yolunun gəliş hissəsində təmir işləri aparılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər sürətlə davam etdirilir. İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Moskva prospekti - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə - Bakı dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini əhatə edəcək.
Hazırda sözügedən marşrut üzrə Bakı dairəvi avtomobil yolunun 14 km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.