Azərbaycan, Bakı, 16 mart /Trend/
Azərbaycan beynəlxalq sərnişin daşımalarında tariflərin aşağı salınması üçün danışıqlar aparır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə bildiriblər ki, 11 mart 2015-ci ildən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 25 faiz artıb.
Bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, beynəlxalq sərnişin daşımalarında İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bununla əlaqədar olaraq, "Rusiya Dəmir Yolları" ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib.
Yaxın günlərdə qiymətlərin endirilməsi məsələsinin həll olunacağı gözlənilir.