Azərbaycan, Bakı, 20 mart /Trend/
"Uşaqlar ənənələrimizi, milli dəyərlərimizi gələcəkdə yaşadacaq şəxslərdir".
Ölkənin ən iri holdinqlərindən biri olan "Garant Holding" növbəti dəfə xeyriyyə aksiyası keçirib.
Garant Holding-in təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən aksiya xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqların bayram sevincini yaşamasına vəsilə olub.
Martın 19-da Glass Plaza-da yerləşən "Oppalar" uşaq-əyləncə mərkəzində həyata keçirilən xeyriyyə aksiyası valideyn himayəsindən məhrum, həmçinin uşaq evlərində və aztəminatlı ailələrdə, SOS uşaq kəndində yaşayan uşaqları əhatə edib, onlar üçün "Açıq qapı" günü elan olunub.
Uşaqlara əyləncə mərkəzindəki çoxsaylı attraksionlarda pulsuz, limitsiz əylənmək imkanı verən aksiya təşəbbüskarları onlara əsl bayram sevinci yaşadıb.
Qeyd edək ki, "Oppalar" uşaq-əyləncə mərkəzinin bu filialı yenicə istifadəyə verilib və sözügedən əyləncə mərkəzində quraşdırılan attraksionlardan ilk dəfə məhz bu uşaqlar istifadə ediblər.
Holdinq əməkdaşları da uşaqların əyləncəsinə qoşulub, onlarla birlikdə əylənərək körpələrə bayram sevinci bəxş ediblər.
Garant Holding-in təsisçisi A.Məmmədov bildirib ki, Novruz bayramı xalqımızın ən qədim və ən sevimli bayramlarından biridir və bu bayram sevincini hər kəs hiss edə bilməlidir: "Hesab edirəm ki, hər birimiz ətrafımıza nəzər salıb bu bayramı qeyd etmək istəyən, lakin müəyyən səbəblərdən bunu reallaşdıra bilməyən ailələrə dəstək olmalıyıq. Novruz hər kəsin fərdi bayramı deyil, bu, bütün xalqımızı ətrafında toplayan, gözəl ənənə və humanist ideyalar daşıyan bir bayramdır. Bizim də "Garant Holding" ailəsi olaraq keçirdiyimiz aksiya məhz bu mərama qulluq edir. Həmin uşaqlar ənənələrimizi, bayram adətlərimizi, milli dəyərlərimizi gələcəkdə yaşadacaq şəxslərdir. Öz həmvətənlərinə, Azərbaycanın adətlərinə sevgini və hörməti onlara bu gün aşılamalıyıq. Körpə ikən onlara göstərəcəyimiz diqqət, valideyn himayəsindən məhrum olsalar belə bizim onlara münasibətimiz, qayğımız həmin uşaqların hafizəsinə həkk olunacaq, onların ürəyində insanlara qarşı eyni hisslər bərqərar edəcək.
"Garant Holding" ailəsi bu cür aksiyaları davamlı olaraq, böyük ruh yüksəkliyi və həvəslə keçirmək niyyətindədir. Ümid edirəm ki, biz bu körpələrə az da olsa bayram əhvali-ruhiyyəsi bəxş edə bildik".
Qeyd edək ki, bu aksiya bütün gün ərzində keçirilib və ümumilikdə 100-ə yaxın uşaq "Oppalar" uşaq-əyləncə mərkəzinin qonağı olmaq imkanı əldə edib.
"Garant Holding" ailəsi bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Baharın ölkəmizə, xalqımıza xoş müjdələr, sağlamlıq və xoşbəxtlik dolu sevincli günlər gətirməsini diləyir. Bayramınız mübarək!