Azərbaycan, Bakı, 21 mart /Trend/
Aberdin Azərbaycan Cəmiyyəti Novruz bayramını qeyd edib.
Hər il 20-21 mart tarixi Azərbaycan xalqı tərəfindən yaz fəslinin gəlişi təbiətin canlanması ilə əlaqədar olaraq yeni ilin başlanğıcı - Novruz bayramı kimi qeyd olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu səbəbdən xalqımız bu bayramı böyük rəğbət və sevgi ilə qarşılayır. Lakin qeyd etmək lazımdır ki, bəzi həmvətənlilərimiz bu bayramı öz torpaqlarında keçirə bilməsələr də, baharın gəlişini, adət-ənənələrimizi yad ölkələrdə də yaşatmağa çalışırlar.
Aberdin Universitetinin tələbəsi Kənan Əliyev bildirib ki, məhz Azərbaycanı xaricdə təmsil edən gənclər olaraq Novruz bayramını təhsil aldıqları universitetdə də yaşatmağa çalışıblar. Universitetin Azərbaycan Cəmiyyəti həmin Aberdin Universitetində baharın gəlişini yerli və xarici tələbələrlə birlikdə keçirib. Tədbirdə 150-dən çox tələbə və müəlim heyəti iştirak ediblər.
Tədbir Aberdin Azərbaycan Cəmiyyətinin rəhbərinin çıxışı ilə başlayıb. Tədbirin gedişatında Novruz haqqında, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə qonaqlara ətraflı məlumatlar verilib.
Qonaqlar Cəmiyyətin üzvləri tərəfindən ifa edilən Azərbaycanın milli musiqi və rəqsləri ilə tanış olublar. Eyni zamanda, tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin gözoxşayan, zəngin çeşidli yeməkləri təqdim olunub və milli adətlərə uyğun olaraq hazırlanmış bayram xonçaları da diqqətlərinə çatdırılıb.
Tədbir iştirakçıları Azərbaycanın milli adətlərini yüksək rəğbətlə qarşılayıb və tədbirdə əməyi keçən hər bir tələbəyə öz təşəkkürlərini bildiriblər.