Azərbaycan, Bakı, 2 aprel /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Almaniya Federativ Respublikası Auqsburq Universitetinin nəzdində fəaliyyət göstərən Jakob-Fugger Fondunun icraçı meneceri Dr. Tilman Schröder və universitetin professoru Prof. Dr. Klaus Wolf ilə görüşüb.
Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüş çərçivəsində Bilik Fondu ilə Almaniyada maarifçilik və analitik araşdırmalarla bağlı layihələr həyata keçirən Jakob-Fugger Fondu arasında ikitərəfli münasibətlərə dair əməkdaşlıq sazişi imzalanıb.
Sazişə görə, Bilik Fondu ilə Jakob-Fugger Fondu arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin Almaniyada təbliği istiqamətində müştərək tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.
Fugger Fondunun rəhbəri Auqsburq Universitetinin prezidenti Prof. Sabine Doering-Manteuffeldir.
Bilik Fondu "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində bir sıra xarici universitetlərlə əməkdaşlığını genişləndirir.