Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Zeynalov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü il martın 12-də Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini F.Zeynalov münaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayıb. E.Dəmirov aldığı xəsarətdən ölüb.
Həbs olunduqdan sonra F.Zeynalov polisə bildirib ki, hadisə zamanı parkda məşq edirmiş. Həmin vaxt E.Dəmirov orada bir qızla öpüşürmüş. Fərrux ona qızla öpüşməsini irad tutub. Guya o deyib ki, bura yaşayış sahəsidir, qohum-qonşu var, get özünə başqa yer tap. Elçin isə Fərruxa mübahisə üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Bu zaman Fərrux özündə olan bıçağı E.Dəmirovun ürəyinə sancıb.
İstintaq isə cinayət hadisəsinin cinayətkar danışan kimi baş vermədiyini aydınlaşdırıb. Bir müddət əvvəl qətlə yetirilmiş E.Dəmirov bir qızla nişanlanıbmış. Qətli törədən F.Zeynalov da həmin qızı sevirmiş. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc E.Dəmirova zəng vuraraq onu görüşə çağırıb və onu bıçaqla ürəyindən vuraraq qətlə yetirib.
E.Dəmirov 2010-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. İstedadlı gənc kimi tanınırmış. Oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülübmüş. Onun istədiyi qız isə hazırda BDU-da Kimya fakültəsində təhsil alır. E.Dəmirov Lənkəranda aparılan bir inşaat işində rəhbər vəzifədə çalışıb.