...

Heydər Əliyev Mərkəzində nümayiş edilən əsər sakinlərin marağına səbəb olub (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2015 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/

2014-cü ildə sərgiləri daha çox ziyarət olunan yapon rəssam, müasir "pop-art"ın əfsanəsi Yayoi Kusamanın "Sabahın çiçəkləyən gülləri" (Flowers that Blossom Tomorrow, 2012) əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur.

Trend-in məlumatına görə, əsər Bakının qonaqları və sakinlərinin marağına səbəb olub. Bura gələnlər Yayoi Kusamanın əsərini həvəslə izləyirlər.

Qeyd edək ki, müasir qloballaşan incəsənətin rəmzi sayılan Y.Kusama Kioto İncəsənət Məktəbində təhsil aldıqdan sonra abstrakt incəsənət janrında fəaliyyət göstərib və 1957-ci ildən yaradıcılığına Nyu Yorkda davam edib. Xanım Y.Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, "xallı" kollaj və instalyasiyaları ilə tanınır. "Xal" Y.Kusama markasının simvoluna çevrilib və rəssam bu seriyada geyimlər, aksesuarlar istehsal edib. O, ekstravaqant nümunələri ilə fərqlənən "Kusama Fashion" şirkətini yaradıb.

Həmçinin yazıçı-şairə olan Y.Kusama sürrealist və fantastik əsərlər müəllifidir. О, kino sahəsində də çalışıb.

Y.Kusama 1973-cü ildə yenidən Yaponiyaya qayıdıb.

Rəssamın "Abstraksiya N2" (1959-cu il) əsəri Kristis (Christie's) hərracında 5 794 500 ABŞ dollarına satılıb və bununla da o, müasir incəsənətin ən bahalı rəssamı kimi tanınıb.

Y.Kusama bu günədək 50 mindən çox əsər yaradıb. 2014-cü ilin statistik nəticələrinə görə, 86 yaşlı Y.Kusama dünyada sərgiləri daha çox izlənilən rəssamdır. Onun rəsmləri, heykəl və instalyasiyaları təkcə Cənubi və Mərkəzi Amerikada 2 milyondan çox ziyarətçinin marağına səbəb olub.

Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan Y.Kusama 1993, 1998 və 1999-cu illərdə Venesiya Biennalesində Yaponiyanı təmsil edib.

Aprelin 4-dən Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş etdirilən "Sabahın çiçəkləyən gülləri" (Flowers that Blossom Tomorrow) Azərbaycanda ilk dəfə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti