...

Sığorta-pensiya sistemi birinci rübü uğurla başa vurub

Cəmiyyət Materials 13 Aprel 2015 12:40 (UTC +04:00)
Azərbaycanın sığorta-pensiya sistemi 2015-ci ilin birinci rübünü uğurla başa vurub.
Sığorta-pensiya sistemi birinci rübü uğurla başa vurub

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanın sığorta-pensiya sistemi 2015-ci ilin birinci rübünü uğurla başa vurub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, ölkədə uğurla aparılan sosial-iqtisadi siyasət cari ilin birinci rübündə öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikanın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemi də inkişaf etməkdədir.

DSMF-nin cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat artıb. O cümlədən, sosial sığorta gəlirləri 8,7 faiz artaraq 410 milyon manat təşkil edib. Bu daxilolmaların 65,7 faizi və ya 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12 faiz və ya 29 milyon manat yuxarı olmaqla proqnozun 108,2 faiz icra edildiyini göstərir.

Rüb ərzində Fondun xərcləri 725,7 milyon manat təşkil edib. Bu vəsaitin 98 faizi və ya 713,7 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Əhaliyə ödənişlərin 97,6 faizini pensiya ödəmələri təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl vaxtında maliyyələşdirilməsinə imkan verib. Əldə edilmiş maliyyə imkanları nəticəsində Novruz bayramı öncəsi pensiyaların maliyyələşdirilməsi mart ayının birinci yarısında yekunlaşdırılıb.

Ölkə üzrə əmək pensiyaçılarının sayı 01 yanvar 2015-ci il tarixinə 1290,9 min nəfər olub və 01 aprel 2015-ci il tarixinə 2,3 min nəfər və ya 0,2 faiz artaraq (o cümlədən yaşa görə 1,6 min nəfər azalmış, ailə başçısını itirməyə görə 0,5 min nəfər, əlilliyə görə isə 3,4 min nəfər artıb) 1293,2 min nəfər təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin birinci rübünün sonuna 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44 faiz təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə 2,2 faiz artaraq 01 aprel 2015-ci il tarixə 3 041,8 min nəfərə catıb. Bununla yanaşı, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu davam etdirilib.

Fondun fəaliyyət istiqamətləri, eləcə də interaktiv və informativ elektron xidmətləri ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində tədbirlər davam etdirilib. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib.

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlər vasitəsilə reallaşdırılıb.

"Elektron hökümət" portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. "Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan "Doinq Business 2015" hesabatında 32 pillə irəliləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti