Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" proqramı çərçivəsində Koreyanın KİAS İnstitutunun direktoru kvant mexanikası və nəzəri fizika sahələri üzrə mütəxəssis, professor Kim Jaewan ölkəmizdə səfərdədir.
Bilik Fondunun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, koreyalı qonaq Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüb. O.Səmədov professor Kim Jaewana Fondun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
Səmimi qəbul üçün Bilik Fondun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən professor Kim Jaewan Fondun layihələri ilə maraqlanıb, eləcə də rəhbəri olduğu KİAS (Korean İnstitute for Advanced Study) İnstitutu barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində professor Kim Jaewan Bilik Fondunun əməkdaşları ilə birgə Qafqaz Universitetində, AMEA-nın Fizika İnstitutunda, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Agentlikdə görüşlərdə olub.
Koreyalı alim Qafqaz Universitetində tələbə və müəllimlərə "Kvant informasiya elmi və texnologiyası" mövzusunda mühazirə deyib. Mühazirədə kvant mexanikası və nəzəri fizikaya dair tezis və mülahizələrini bölüşən Kim Jaewan tələbələri maraqlandıran sualları da cavablandırıb.
Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Agentliyin həyata keçirdiyi layihələr barədə məlumat alan professor Qobustan ərazisində yerləşən Eksperimental Poliqon və Tədris Mərkəzində Azərbaycanda alternativ enerji mənbələrindən istifadə mexanizmləri ilə tanış olub.
Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Çoi Suk-İnlə görüşən professor Kim Jaewan Azərbaycandakı görüşlərdən məmnun qaldığını, Bilik Fondu ilə əməkdaşlığını daha da genişləndirmək niyyətində olduğunu ifadə edib.