...

Azərbaycanda yağıntılı havalar meyvə ağaclarına hansı təsiri göstərib?

Cəmiyyət Materials 24 Aprel 2015 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Son günlər ərzində havanın qeyri-sabit keçməsi ölkədə ərik ağaclarının məhsuldarlığının aşağı düşməsinə səbəb olacaq. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev deyib.

Onun sözlərinə görə, havaların qeyri-sabit keçməsi ərik ağaclarının çiçəklərinin tozlanma olmadan məhv olmasına gətirib çıxarıb.

Hazırkı hava şəraitinin daha çox çəyirdəkli meyvələrin məhsuldarlığına təsir göstərəcəyini deyən institut rəsmisi qeyd edib ki, çəyirdəkli meyvələrdən olan alça artıq tozlanma prosesini keçirib: "Buna görə də onun məhsuldarlığının azalması ilə bağlı problem yaranmayacaq. Lakin soyuq, yağıntılı hava şəraiti davam edərsə, digər çəyirdəkli meyvələr - şaftalı, albalı və gilasın da məhsuldarlığı azala bilər. Ərikdən sonra şaftalı, şaftalıdan sonra isə albalı, gilas, daha sonra isə alma və armud ağacları çiçək açır, tozlanır. Əgər yağıntılı hava şəraiti davam edərsə, onda bu meyvələrin də məhsuldarlığı azalacaq".

V.Əliyev qeyd edib ki, əgər rütubətli hava şəraiti davam edərsə, ağaclarda göbələk xəstəliyi olan dəmgil də yarana bilər.

Meyvəçilik təsərrüfatının sahibi, fermer Həsən Həsənov isə Trend-ə bildirib ki, yağışın yağması rayonlarda, xüsusilə şimal bölgəsində yetişən çəyirdəkli meyvələrin - gilas, albalı, alça, o cümlədən armud ağaclarında dəmgil xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Bu xəstəlik yarpaqların, meyvələrin üzərinə ləkə salmaqla həm onların zahirini görünüşünün, həm də dadının pisləşməsinə, keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlik meyvədəki vitaminləri də azaldır.

Fermer deyib ki, hava rübutətli, temperatur isə 8-9 dərəcədən yuxarı olduqda ağaclarda göbələk xəstəliyinin yaranması üçün əlverişli şərait yaranır: "Belə hava şəraitində yağış yağması isə göbələyin əmələ gəlmə riskini daha da artırır. Qışda bu xəstəliyin yaranması üçün baza olmur. Amma indi ağaclar ciçəklənməyə, yeni yarpaq açmağa başlayır. Yarpaqların üzəri və ciçəklərin qönçələri göbələk üçün baza rolunu oynayır. Xəstəlik əvvəlcə yarpaqlardan və qöncələrdən başlayır. Sonra meyvə formalaşdıqca ona da təsir etməyə başlayır. Meyvələr kiçik olanda bu xəstəlikdən daha çox ziyan görürlər. Bu xəstəliyi dərmanla müalicə etmək olar, amma onu da hər kəs ala bilmir".

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev Trend-ə bildirib ki, əgər şaxtalı hava müşahidə edilibsə və bundan sonra da müşahidə ediləcəksə, onda meyvələrin məhsuldarlığı azala bilər. Bunlar, əsasən, çəyirdəkli meyvələr ola bilər. Amma baş aqronom belə hava şəraitinin taxılçılığa və tərəvəz bitkilərinin məhsuldarlığına təsir göstərməyəcəyini də söyləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova isə Trend-ə bildirib ki, ötən gecə Gədəbəydə və Böyük Qafqazın yüksək dağlıq ərazilərində şaxtalı hava müşahidə edilib. Bu gecə də ölkənin yüksək dağlıq ərazilərində şaxtalı havanın müşahidə ediləcəyi gözlənilir. G.Məmmədova ötən illərdə də aprel ayı ərzində yüksək dağlıq ərazilərdə qarın yağdığını və şaxtalı havanın müşahidə olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti