Azərbaycan, Bakı, 29 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Növbəti belə qəbul aprelin 29-da İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən keçirilib. İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarından gələn 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin tikintisi, təmiri, bərpası və yenidən qurulması, təminatı, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.