...

Mübariz Qurbanlı: "Bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz"

Cəmiyyət Materials 1 May 2015 17:55 (UTC +04:00)
Bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər.
Mübariz Qurbanlı: "Bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz"

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan İtaliyanın Coğrafiya Cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Görüşdə İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilib.

M.Qurbanlı qonaqlara Azərbaycanda mövcud olan tolerantlıq ənənələri, multikultural mühit haqqında məlumat verib: "Dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün konfessiyalar dinc şəraitdə fəaliyyət göstərir. Bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz".

O, həmçinin Azərbaycandakı dini tolerantlığın təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə məlumat verib.

İtaliyalı qonaqlara ölkəmizdəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlar, tarixi abidələrlə bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri, İtaliya Coğrafiya Cəmiyyətinin fəxri prezidenti, professor Franko Salvatori Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. Rəhbərlik etdiyi təşkilat haqqında məlumat verən F.Salvatori deyib ki, 1867-ci ildə yaranan Cəmiyyət ayrı-ayrı ölkələrə ekspedisiyalar təşkil edir. Qonaq Azərbaycanda tolerantlıq, multikulturalizm sahəsində görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın perspektivləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Qonaqlara Azərbaycanda mövcud tarixi, mədəni abidələr haqqında kitablar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti