Azərbaycan, Bakı, 5 iyun /Trend/
Bu gün "ADA" Universitetində "İqlim dəyişiklikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları" adlı konfrans keçirilir.
Trend-in məlumatına görə, tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər.
"ADA" Universitetinin rektoru səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, müzakirə edilən mövzu çox mühümdür: "Bu sahədə cərəyan edən hadisələrdən çox məlumatlı deyiləm. Amma xatırlayıram ki, 90-cı illərdə bu məsələ çox sıx müzakirə olunurdu. 2000-ci ildə isə siyasi məsələyə çevrilmişdi. Bu mövzu ABŞ prezidentliyinə namizəd Albert Qorun seçki kampaniyasının əsas məsələsinə çevrilmişdi. Hazırda Fransa bu məsələdə çox fəallıq göstərir".
H.Paşayev vurğulayıb ki, ADA kampusunun tikintisi zamanı iqlim dəyişikliyi, ətraf mühüt məsələlərinə çox diqqət yetirilib. ADA regionda ilk müəssisədir ki, geotermal adlanan vasitələrdən istifadə edilib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında bildirib ki, "ADA" yaşıl binanın gözəl bir nümunəsidir. Onun sözlərinə görə, əvvəllər iqlim dəyişikliyi o qədər ciddi problem deyildi, amma indi bu, ciddi bir problemə çevrilib: "Əsrin sonuna kimi qlobal istiləşməni ən azı 2 faiz həddində saxlamaq üçün konkret məqsəd qarşıya qoyulmuşdu. Məqsədlərə nail olmaq üçün 2010-cu ildə Yaşl Fond yaradılıb və 33 ölkənin ianəsi ilə 10 milyard dollar toplanılıb, bunun 1 milyard dolları Fransa tərəfindən ayrılıb. Biz iddialıyıq, eyni zamanda ümidliyik. Çünki artıq bir çox dövlətlər tərəfindən yeni texnologiyalar, emisiyaların azaldılması istiqamətində müəyyən addımlar atılıb. Bundan başqa, özəl sektor da iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmaqda maraqlıdır".
Səfir vurğulayıb ki, Fransa iqtisadi keçirdlə bağlı yeni qanunvericiliyə keçir, bu, karbohidrogendən daha az, bərpa olunan enerjidən daha çox istifadəni nəzərdə tutur: "İqlim dəyişikliyi hər birimizin məsuliyyətidir, bir çox vərdişlərin dəyişməsi iqlim dəyişikliyinə müsbət təsir göstərəcək. Düşünürəm ki, bu cür konfranslar mövzu ilə bağlı yeni istiqamətlər təqdim edəcək".
Sonra nazir H.Bağırov qeyd edib ki, son 10-12 il ərzində Azərbaycanda meşə sahələri 11,4 faiz artıb: "Bakı və Abşeron yarmadasında son 3 ildə 4 min hektar ərazidə yaşıllıq salınıb".