...

Araşdırma: Məktəbi bitirən məzunlar arasında xarici dildən "3" alanlar çoxdur

Cəmiyyət Materials 9 İyun 2015 16:13 (UTC +04:00)
Azərbaycanda 2014-2015-ci tədris ili üçün indiyədək keçirilmiş buraxılış imtahanlarında xarici dil fənni üzrə bilikləri yoxlanılan XI sinif şagirdləri arasında “3” qiyməti alanlar üstünlük təşkil edir.
Araşdırma: Məktəbi bitirən məzunlar arasında xarici dildən "3" alanlar çoxdur

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 2014-2015-ci tədris ili üçün indiyədək keçirilmiş buraxılış imtahanlarında xarici dil fənni üzrə bilikləri yoxlanılan XI sinif şagirdləri arasında "3" qiyməti alanlar üstünlük təşkil edir.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik göstəricilərinə əsasən apardığı araşdırmalara görə, iyunun 2-də Bakı məktəbləri, eləcə də Bakıda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında xarici dildən imtahan verən XI sinif məzunları arasında "3" qiyməti alanlar üstünlük təşkil edir. Həmin gün xarici dildən imtahan verən 24 082 nəfər XI sinif məzununun 6.10 faizi "2" qiyməti, 34.29 faizi "3", 29.94 faizi "4", 29.67 faizi isə "5" qiyməti alıb.

Bu il Bakı şagirdlərinin çoxu - 23 534 nəfəri xarici dil kimi ingilis dilindən, 108 nəfəri fransız, 69 nəfəri alman, 8 nəfəri ərəb, 363 nəfəri isə rus dilindən imtahan verib.

Bakıda ingilis dilindən imtahan verərək "3", "4" və "5" qiyməti alan şagirdlərin sayı demək olar ki, eyni səviyyədədir. XI sinif məzunlarının 1340 nəfəri (5.69 faizi) ingilis dilindən "2" qiyməti, 7980 nəfəri (33.91 faizi) "3", 7106 nəfəri (30.19 faizi) "4", 7108 nəfəri (30.20 faizi) isə "5" qiyməti alıb.

Fransız (55.56 faizi), alman (44.93 faiz), rus dilindən (50.96 faizi) imtahan verənlərin çoxu da imtahandan "3" qiyməti alıb. Yalnız ərəb dilindən imtahan verənlər arasında "4" qiyməti alanların sayı (50 faiz) digər qiymət alanların sayını üstələyib.

Ümumilikdə ingilis dili istisna olmaqla, digər xarici dillərdən imtahan verərək "5" qiyməti alan şagirdlər arasında alman dilindən imtahan verənlər üstünlük təşkil edir. Bakıda fransız dilindən imtahan verənlərin 3.70 faizi, alman dilindən imtahan verənlərin 18.84 faizi, ərəb dilindən imtahan verənlərin 12.50 faizi, rus dilindən imtahan vertənlərin isə 5.51 faizi "5" qiyməti alıb.

İyunun 6-da (Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində) keçirilmiş buraxılış imtahanında xarici dil fənni üzrə bilikləri yoxlanılan 24 144 şagirdin böyük əksəriyyəti - 43.41 faizi bu fəndən "3" qiyməti alıb.

XI sinif məzunlarının çoxu - 20 649 nəfəri ingilis dilindən, 684 nəfəri fransız, 521 nəfəri alman, 2290 nəfəri isə rus dilindən imtahan verib.

İmtahan verənlərin 3796 nəfəri (18.38 faizi) ingilis dilindən "2" qiyməti, 8655 nəfəri (41.91 faizi) "3", 4654 nəfəri (22.54 faizi) "4", 3544 nəfəri (17.16 faizi) isə "5" qiyməti alıb.

Məzunların 160 nəfəri (23.39 faizi) fransız dilindən, 90 nəfəri (17.27 faizi) alman, 649 nəfəri (28.34 faizi) rus dilindən "2" qiyməti,
322 nəfəri (47.08 faizi) fransız, 297 nəfəri (57.01 faizi) alman, 1206 nəfəri (52.66 faizi) rus dilindən "3" qiyməti alıb.

Məzunların 134 nəfəri (19.59 faizi) fransız dilindən, 112 nəfəri (21.50 faizi) alman, 336 nəfəri (14.67 faizi) rus dilindən "4" qiyməti alıb.

Məzunların 68 nəfəri (9.94 faizi) fransız dilindən, 22 nəfəri (4.22 faizi) alman, 99 nəfəri (4.32 faizi) rus dilindən "5" qiyməti alıb.

Xatırladaq ki, 2015-ci ildə ilk dəfə olaraq XI sinif şagirdləri buraxılış imtahanlarında xarici dil fənni üzrə (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) imtahan verirlər.

Bu ildən ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. 2014-cü ildən isə ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul həmin ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılır.

Ümumilikdə bu il Azərbaycanda 88 151 nəfər XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir.

Növbəti buraxılış imtahanları iyunun 11 və 16-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti