Azərbaycan, Bakı 12 İyun / Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda 3425 müəllim iş yerinin dəyişdirilməsi üçün keçirilən müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinə müraciət edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu iyunun 10-da saat 23:59-da başa çatıb.
10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti - 63%-i İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.
Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.
Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün iyunun 17-də müsahibələr təşkil ediləcək.
www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.
Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.