Azərbaycan, Bakı, 23 iyun /Trend/
İyunun 16-dan etibarən 1-ci Avropa Oyunlarına həsr olunmuş "Xoşbəxt anlar" adlı fotomüsabiqəyə start verilib. Müsabiqə Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) və 1-ci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola Azərbaycan" şirkətinin təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, fotomüsabiqə Oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotolardan ibarət olacaq. Yekunda qalib gələn fotoqraflar üç mükafat və diplomlarla təltif olunacaqlar, həmçinin toplanan əsərlərdən ibarət sərgi təşkil ediləcək.
Fotomüsabiqədə hər bir şəxs iştirak etmək imkanına malikdir. Həm təcrübəli, həm də həvəskar fotoqraflar hətta mobil telefon vasitəsilə çəkdikləri şəkillərlə müsabiqəyə qatıla bilərlər.
Hər iştirakçı 5 şəkildən artıq olmamaq şərtilə, həcmi 1200 px olan və bütün müəllif hüquqlarını əks etdirən fotoları [email protected] elektron ünvanına göndərə bilər. Təqdim olunan fotoların üzərində müəllif imzası və ya loqosu olmamalıdır.
Fotomüsabiqəyə qəbul olunan fotolar bu xüsusiyyətləri əks etdirməlidir:
- Xoşbəxt anlar
- İnsanların oyunlardan həzzi
- Coca-Cola brendindən istifadə
- Coca-Cola içkisini içərkən sevinc və xoşbəxtlik
- İdmançıların və azarkeşlərin sevinci
- Qələbə anları
- Müxtəlif emosiyalar
Mükafatlar:
1-ci yer: Təcrübəli fotoqraf / Fotokamera üçün avadanlıq
2-ci yer: Həvəskar fotoqraf / Fotokamera üçün aksesuarlar
3-cü yer: Telefonla çəkilən foto / Iphone-6 mobil telefonu
Fotomüsabiqə iyunun 30-dək davam edəcək. Göndərilən əsərlərlə yanaşı, müəllif özü haqqında məlumatı da (ad, soyadı, fotonun adı) yerləşdirməlidir.
Fotomüsabiqənin kuratoru: Nurziya Xəlilova
Elektron poçt: [email protected]