...

BANM-nin müəllimi Abbas Əlili: “Almaniyada olanda BANM haqqında çox eşitmişdim”

Cəmiyyət Materials 1 İyul 2015 11:42 (UTC +04:00)
“Burada işləmək daim inkişaf, yeni biliklər və dinamika deməkdir”
BANM-nin müəllimi Abbas Əlili: “Almaniyada olanda BANM haqqında çox eşitmişdim”

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Burada işləmək daim inkişaf, yeni biliklər və dinamika deməkdir"

Abbas Əlili 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Qaradağ rayonu, Sahil qəsəbəsində 228 və 253 saylı orta məktəblərdə alıb. 253 saylı orta məktəbi "Fəxri Fərmanla" bitirdikdən sonra 642 balla Azərbaycan Dövlət Neft Akademiyasına "İstehsalat proseslərinin avtomatlaşdırılması və İT" (Tempus proqramı) ixtisası üzrə qəbul olub. 2010-cu ildə Ali Məktəbi "Fərqlənmə Diplomu" ilə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 2011-2014-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın Ştutqart Universitetində "Embedded Systems Engineering" (İnteqrə olunmuş sistemlər) ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin noyabr ayından etibarən Bakı Ali Neft Məktəbinin "Kompüter və İKT" kafedrasında müəllim vəzifəsində çalışır.

Trend Abbas Əlili ilə olan müsahibəni təqdim edir.

- Siz bu ixtisas üzrə təhsil almaq və müəllim olmaq fikrinə necə gəldiniz ?

- Həm mühəndis ailəsində böyüməyim, həm də peşəkar mühəndis kimi ixtisasını çox sevən atamı örnək almağım bu ixtisası seçməyimdə böyük rol oynayıb. Əlbəttə ki, kainatın sirrlərinə açar olan dəqiq elmlərə duyduğum marağı da buna səbəb kimi göstərmək olar. Zənnimcə, mühəndis peşəsi sivilizasiyamızın hər inkişaf mərhələsində əlahiddə yer tutur. Ov etmək üçün oxu, nizəni kəşf edənlər də, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) Böyük Hadron toqquşdurucusunu quranlar da mühəndis yanaşmasına sahib olanlardırlar.
Paylaşmaq gözəldir, biliyi paylaşmaqsa gözəl olmaqla yanaşı, həm də hər iki tərəfin inkişafı deməkdir. Bunun üçün də, magistratura təhsilindən sonra Bakı Ali Neft Məktəbində yeni açılmış "Kompüter və İKT" kafedrasında müəllim kimi işləmək təklifini aldıqda bu təklifi dəyərləndirmək qərarına gəldim. Çünki müəllimlik peşəsi müqəddəs olmaqla yanaşı, həm də bütöv bir nəslin, millətin həyatında və inkişafında müsbət mənada rol oynamaq üçün müstəsna bir fürsətdir. İllərlə bu fürsəti gözləyən biri kimi bu təklifə, bu imkana görə çox sevindim.

- Xaricdəki təhsilin Azərbaycandakı təhsildən nə cür fərqləri var? Üstün və mənfi cəhətləri?

- Xaricdə təhsil kimi Avropa, əsasən də təhsil aldığım Almaniya təhsil sistemindən danışa bilərəm. Almaniya ilk baxışdan çox mürəkkəb bir təhsil sisteminə malikdir. Hərçənd ki, təhsil müəssisələrinin çeşidliliyi və hər kəsi əhatə etməsi baxımından, zənnimcə, çox uğurlu bir modeldir. Çeşidlilik dedikdə, orta məktəb və universitet quruluşlarının bir neçə fərqli növü olduğunu nəzərdə tuturam. Məsələn, 12 yaşına çatmış məktəbli Hauptschule, Realschule, Gymnasium və Gesamtschule kimi bir-birindən müəyyən mənada fərqlənən orta məktəb növlərindən hansında yoluna davam edəcəyinə qərar verməlidir. Əlbəttə ki, təhsili ərzində aldığı qiymətlər də bu seçimdə rol oynayır. Əvvəlki seçimi imkan verirsə eyni məktəbli yenə 15 yaşına gəldikdə peşə məktəbinə (bu da öz növbəsində iki yerə ayrılır) və ya uyğun məktəblərdə qalmaqla universitetə (ki, universitetin də 3 növü var) istiqamətlənir. Uyğun olaraq da bütün bu mərhələlərdən keçib tələbə adını qazanan məktəbli hər mənada yetişməkdə olan bir fərd kimi universitetə gəlir. Yəni, o uşaq tələbə adını bizdəki əksər hallardakı kimi "Valideynlərim belə istədi, qonşumuzun uşağı qəbul oldu mən qaldım, qohumlarım bu ixtisası məsləhət gördü, yoxsa hərbi xidmətə gedərəm və s."deyə almır. Hədəfləri, dəyərləri, bilikləri olduğu üçün, məqsədlərinə universitet şəraitində aldığı biliklərlə daha tez nail olacağını bildiyi üçün tələbə olur. Nəticə olaraq da "axı bu tələbələr niyə dərsə gəlmirlər?, niyə oxumurlar?, niyə əllərindəki fürsəti dəyərləndirmirlər?, niyə özlərini çox "ağıllı" sanırlar?" və s. kimi suallar o ölkələrdə nəinki səsləndirilmir, heç ağıla belə gətirilmir.

- Almaniyada təhsil aldığınız vaxtı tələbə ikən diasporla bağlı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?

- Xaricdə təhsil təmsil etdiyin ölkəni tanıtmaq, onun haqqında doğru məlumatlar vermək və əcnəbi vətəndaşlarda fikir formalaşdırmaq üçün çox yaxşı fürsətdir. Bu iş səfirliklər, konsulluqlar vasitəsilə aparıldıqda isə, daha da səmərəli olur. Bu mənada, Ştutqartda yerləşən fəxri konsulluğumuzun gördüyü işlər nəzərə çarpandır. Konsulluğumuzun rəhbəri cənab Otto Hauser və onun köməkçisi olan bir başqa dövlət proqramı təqaüdçüsü Cəfər Süleymanovun dəstəyi ilə ölkəmiz adına bir çox uğurlu işlər görülüb. Bu layihələr arasında daha çox payım olan isə, fəxri konsulumuzun 2012 - ci ildə BANM rəhərliyi ilə görüşü olmuşdur ki, görüş əsnasında Ştuttqart Universiteti və BANM arasında mümkün əməkdaşlıq məsələləri, Azərbaycanda peşə təhsilinin gələcəyi və dərs proqramları müzakirə olunmuşdu.

- İlk işinizə harda başlamısız?

- İlk ciddi işimə Almaniyada ikinci kursda oxuyarkən BOSCH GmbH şirkətində 6 aylıq təcrübəçi kimi başlamışam. 2018-ci ildə istehsal olunacaq avtomobillərin ön şüşələrinin həm də displey kimi istifadə olunmasını hədəfləyən bir layihə idi. Daha sonra magistr dissertasiya işimi eyniadlı şirkətin bir başqa departamentində işləməklə müdafiə etdim.

- Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamağınız necə oldu?

- Almaniyada olanda BANM haqqında çox eşitmişdim. Sınaq mühazirələrindən sonra rektor Elmar Qasımov başda olmaqla, xaricdə təhsilimi və yeni texnologiyalarla işləmək bacarığımı nəzərə alaraq belə məsuliyyətli bir işdə mənə etimad göstərdilər.

- Gənc müəllim olmağın hansı çətinlikləri və üstünlükləri var?

- Bilirsiniz, müəllim kimi məsuliyyətli bir ada layiq olmaq lazımdır! Biz daim həm elmi, həm də fərdi inkişafda olmalıyıq ki, tələbələrə də yaxşı mənada örnək olaq, yol göstərə bilək. Bunlar gənc müəllim olmağın xoş çətinlikləridir. Üstünlüklərə gəlincə isə, az müddət əvvəl tələbə olduğuma görə tələbələrimizin maraqlarından, çatışan və çatışmayan cəhətlərindən, hansı psixologiyaya sahib olduqlarından xəbərdaram. Müəllim-tələbə münasibətlərinə gəlincə isə, inanıram ki, nəinki müəllimin, hər hansı biliyi paylaşmaq istəyən istənilən fərdin üç əsas ali vasitəsi olmalıdır: təvazökarlıq, səmimiyyət və qarşısındakını anlayıb empati qura bilmək -"onun hisslərini bölüşmək" bacarığı. Əlbəttə ki, ciddiyəti və ədaləti qorumaq şərtilə. Çox şükür olsun ki, tələbələrlə bu mənada münasibətlərimiz qaydasındadır.

- Bakı Ali Neft Məktəbinin Kompüter və İKT kafedrasının müəllimi olaraq üzərinizə hansı öhdəliklər düşür və işinizin öhdəsindən necə gəlirsiniz?

- Hal-hazırda bir neçə fənnin seminar və laboratoriya dərslərini keçmək tapşırığını almışam. Həm də bəzi fənnlərin sillabusunun, proqram və dərs vəsaitlərinin hazırlanmasında, daha da təkmilləşdirilməsində yaxından iştirak edirəm. BANM və kafedramızla əməkdaşlıq etmək istəyən şirkət və universitetlərlə də daim görüşlərimiz olur. Bunlarla yanaşı, kafedranın ümumi işləri ilə də məşğul oluruq. Əsas məqsədimizsə, əlbəttə ki, yüksək ixtisas biliyinə malik peşəkar mühəndislər yetişdirməkdir.

- Bir gənc olaraq, ali təhsil ocağında gənclərlə və professor-müəllim heyəti ilə işləməyin sizin üçün məsuliyyəti nədən ibarətdir?

- Əvvəlcə onu qeyd edim ki, bu bir zövqdür. Kafedra müdirimiz Manafəddin müəllim başda olmaqla buradakı professor-müəllim heyəti ilə işləmək daim inkişaf, yeni biliklər və dinamika deməkdir. Məsuliyyəti isə, əlbəttə, göründüyündən daha çoxdur. Gərək onların göstərdiyi etimada uyğun inkişaf nümayiş etdirək.

- İşinizdə və həyatınızda qarşınıza qoyduğunuz məqsədlər və hədəflər hansıdır?

- Həyatda qarşıma qoyduğum əsas məqsəd - Azərbaycanın inkişafına zərrə qədər də olsa töhfə verməkdir. Sözün doğrusu, hələki bu yolda o qədər də böyük uğurlarımın olduğunu zənn etmirəm. Bu və digər məqsədlərimə çatmaq üçün isə Konfutsinin iki kəlamını - "Dünyanı qaydasına salmaq üçün millətimizi qaydasına salmalıyıq; milləti qaydasına salmaq üçün ailəmizi; ailəmizi qaydasına salmaq üçün isə şəxsi həyatımızı qaydasına salmalıyıq - ürəklərimizi doğru dəyərlərlə tərbiyə etməliyik" və "Ən qüdrətli döyüşçü özünü fəth etməyi bacarandır" fikirlərini rəhbər tuturam. Gələcək üçün planlarım isə, daha çox, daha dərindən öyrənmək, öyrətmək və tətbiq etməkdir.

- Hansı əlavə məşğuliyyətiniz və yaxud hobbiniz var? Boş vaxtlarınızı necə keçirməyə üstünlük verirsiniz?

- Üzgüçülüyü, futbol oynamağı (virtual versiyası da daxil olmaqla), velosiped sürməyi sevirəm. Tez - tez teatra, konsertlərə getməyə çalışıram. BANM də bu məsələdə biz işçilərinə böyük dəstək verir. Sənədli filmlər izləməyi, elmi, fəlsəfi mövzuları dostlarla paylaşmağı, müzakirə etməyi də sevimli məşğuliyyətlərimin arasında qeyd etməliyəm. Yeni məşğuliyyətlərim sırasında isə, ailəmin çoxdan dediyi, mənimsə Almaniyada olarkən dəyərini anladığım təbiətdə daha çox vaxt keçirmək və ağaclara qulluq durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti