...

Sumqayıtda yeni müasir Məhkəmə Kompleksinin təməli qoyuldu (FOTO)

Cəmiyyət Materials 9 İyul 2015 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Məhkəmə sisteminin inkişafı üzrə görülən işlərin davamı olaraq bu gün Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

Ədliyyə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dünya Bankının təmsilçisi, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.

İnşa olunacaq məhkəmə kompleksinin ümumi sahəsi 1.25 hektardır. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu kompleks də ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video, "elektron məhkəmə" informasiya sistemləri və digər zəruri infrastruktur quraşdırılacaq.

Tədbir iştirakçıları Sumqayıt Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, kompleksin təməli qoyulub.

Mərasimdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli iqtisadi tərəqqisini, yüksək nailiyyətlərə imza atdığını, o cümlədən ötən ay Azərbaycanın qitənin tarixində ilk dəfə baş tutan I Avropa Oyunlarına uğurla, möhtəşəm və heyrətamiz şəkildə ev sahibliyi etməsinin respublikamızın hərtərəfli inkişafının və dünyada yüksək nüfuzunun etirafı olduğunu vurğulayıb.

Nazir ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərindən danışaraq bildirib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilib, bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hər bir hakimə köməkçi ştatı ayrılıb, eləcə də hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılıb.

Həmçinin Dünya Bankı ilə səmərəli əməkdaşlıqda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib, "bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək Sumqayıt Məhkəmə Kompleksinin inşasının qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcəyinə, məhkəmələrə çatımlığı daha da asanlaşdıracağına əminlik ifadə olunub.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni tikilən məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə, "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi qeyd olunub.

Şəhər icra başçısı E.Əzizov və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti