...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 10 İyul 2015 15:21 (UTC +04:00)
Bəzən hörmətli professor Əli Həsənov mövzunun içinə o qədər daxil olur ki, özü də hiss etmədən yeni terminlərlə işləyir, yeni termin yaradır, Azərbaycan terminologiyasına, yəni siyasi terminologiya lüğətinə yeni töhfələr bəxş edir.
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli 7 iyul tarixli sayımızda

Qeyd olunan məkanda göründüyü kimi, Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına ötürülməsi, sonra isə sıxılmış qaz halında bu limanlardan tankerlərlə Avropaya ixrac olunması haqqında dövlətlərarası sazişin imzalanması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini və geoiqtisadi etibarlılığını azaltmışdır. Buna əlavə olaraq "Şahdəniz 2" layihəsinin reallaşdırması ilə yeni kəmərlər- TANAP və TAP vasitəsilə böyük Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.

Azərbaycan hökuməti bununla kifayətlənməmiş, özünün kommunikasiya-nəqliyyat xətlərini inkişaf etdirməkdə davam etmişdir. Belə ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan özünün geosiyasi, geoiqtisadi nüfuzunu Cənubi Qafqaz regionunda artırmaqda davam edir. Yeni təbii qaynaqların kəşf edilməsi, onların istismara verilməsi, yeni layihələr, yeni nüfuz uğrunda özünün təsdiqi və regionun lideri kimi dövlətimizin müəyyən mənada diqtəsi ilə reallaşmağa doğru addımlar atılır. Müəllif yazır: "... 2013-cü ildə ölkədə yenu nəhəng Gəmiqayırma zavodu istifadəyə verilmiş, Xəzər donanması müasir gəmilər hesabına gücləndirilmiş, yaxın bir neçə ildə isə yükgötürmə gücü 20 milyon tona bərabər olan Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur. Paralel olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında yenidənqurma işləri aparılmış, əlavə nəhəng terminallar istifadəyə verilmiş, regionlarda 5 yeni aeroport tikilmişdir. Ölkənin dəmiryolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlanmış, 2015-ci ildə isə Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur". (Bax, s. 129)

Bəzən hörmətli professor Əli Həsənov mövzunun içinə o qədər daxil olur ki, özü də hiss etmədən yeni terminlərlə işləyir, yeni termin yaradır, Azərbaycan terminologiyasına, yəni siyasi terminologiya lüğətinə yeni töhfələr bəxş edir. Bu, bəzən kənardan adi bir hal kimi görünür, diqqəti çəkmir, amma ciddi araşdırma institutlarında çox vaxt belə terminlər, hətta bir termin doktorluq işi üçün kifayət edir. Yeni terminlər icad etmək, onu leksionda işlətmək dili zənginləşdirmək deməkdir. Təbiidir ki, dilin mövcudluğu, yaşam tərzi təkcə onun əski sözləri, yaxud aktiv sözləri işlətməkdən ibarət deyil. Dilin varlığı, inkişaf etdirilməsi leksiona həm də yeni sözlərin daxil edilməsidir. Bu həm də dilin yaşayıb inkişaf etdirilməsidir. Bu baxımdan Əli Həsənov dilimizin zənginləşdirilməsində öz xidmətini əsirgəmir. Məsələn, diqqətimi çəkən belə terminlərdən "geosiyasi etibarlılıq", "etibarlı məkan", "təhlükəsiz məkan" və s. Kitabı təhlil etdikcə zaman-zaman belə terminlərə rast gələcəyik.

Onlardan ən çox diqqətimi çəkən "geosiyasi etibarlılıq" terminidir. Bu termin bəzən işlədilir, diqqət çəkmədən hardasa ayrı-ayrılıqda mənaları verilir, ancaq iki sözün bir yerdə hansı ağır yükü daşıdığının fərqində olmurlar. Siyasətşünaslıq elmində yeni terminlər çox az icad edilir, icad edənlər də bizim alimlərimiz olmur, çünki dünya "trafaret", yəni "köçürmə", yaxud tərcümə yolu ilə alınmış terminlərdən istifadə edir. Elələri də var ki, hətta plagiatlıq da edirlər.

"Geosiyasi etibarlılıq" nə deməkdir? Bu terminlə yeni bir fəsil də açmaq olar, yəni kifayət qədər uzun-uzadı bir əsər yazıb doktorluq müdafiə etmək üçün təqdim etmək, layiqli bir uğura da imza atmaq olar.

"Geosiyasi etibarlılıq" deyəndə ilk növbədə yada konkret olaraq coğrafi məkanda fəaliyyətdə olan dövlətə inamdan, güvəndən anlanılır, bəhs edilir, bundan sonra bu barədə elmi iş yazmaq heç də çətin olmur. "Geosiyasi etibarlılıq" dedikdə region, dünya dövlətlərinin dövlətə etibarı, inamı, digər dövlətlər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, stabillik, iqtisadi inkişafın dayanıqlığı nəzərdə tutulur. Görürsünüzmü, təkcə bir terminin açmasından nə qədər qalaq-qalaq kitab yazmaq olar. Belə şeylərin bəzən fərqinə də varmırıq.

"Fərqinə varmırıq" demişkən 25 il bundan əvvəl ilk dəfə öz dilimizdə sosiologiya elmindən bəhs edən "Sosial münaqişənin yaranması və həlli yolları" adlı bir əsər yazdım. Heç də böyük olmayan bu əsərdə sosiologiyaya aid olan düz on səkkiz termin icad etdim. Bu terminlər o zaman heç dünyada da mövcud deyildi. Zamanına görə səksən, doxsanıncı illərin əvvəllərində ümumiyyətlə sosial münaqişələrdən əsərlər yazılmırdı. Sonradan öyrəndim ki, bu balaca əsərdən istifadə edərək cild-cild kitablar yazılıb, doktorluq müdafiə edilib. Bu o zaman idi. İndi isə heç şübhə etmirəm ki, Əli Həsənovun bu qiymətli kitabını tədqiq edən alimlər, hətta onun yeni bir terminini götürüb yeni bir əsər yazacaq, dövlətinə, millətinə bununla da xidmət edəcəklər. Alimin və sözün qüdrəti bundadır. Alimin sözü bitdikdə savaş başlar. Kaş alimin sözü heç zaman bitməsin.

Müəllifə görə "geosiyasi etibarlılıq" özündə bir neçə amili ehtiva edir. O yazır: "Azərbaycanın qlobal və regional geosiyasi çəkisini (bax burada da yeni bir termin aşkar etdik- geosiyasi çəki-Y.O) ən başlıca amillərdən biri onun bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli inkişaf kursuna, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir. Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşması və həyata keçirilməsi prosesi bir tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdənsə istənilən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur". (Bax, s. 130)

Nəzərə alaq ki, geosiyasi etibarlılıq dövlətin regionda əhəmiyyətli dərəcədə rolunu artırır. Bu barədə müəllif yazır ki, "...bölgədəki neft istehsalına, transmilli nəqliyyat- tranzit imkanlarına, xarici iqtisadi əlaqələrin intensivliyinə, enerji resurları ixracının şaxələndirilməsinə, Qərbin Xəzərə hərbi-geostrateji çıxışının təmin edilməsi və hövzənin strateji hədəflərinə nəzarət imkanını yaratmasına və digər geoməkan üstünlüklərinə görə isə, Azərbaycan Qazaxıstan və Gürcüstanla birlikdə ekspertlər tərəfindən bölgənin ən əhəmiyyətli dövləti hesab olunur.

Bir tərəfdən, Əli Həsənov geosiyasi etibarlılığı dövlətin stabil iqtisadi inkişafı, balanslı xarici siyasəti, effektiv idarəetmə, təbii qaynaqları regional əhəmiyyəti ilə bağlayırsa, digər tərəfdən bu siyasəti həyata keçirən insan resursları ilə əlaqələndirir. O yazır: "Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit daxili ictimai-siyasi, milli etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bu sahələr üzərindəki nəzarət imkanları ilə sıx bağlıdır. Azərbaycanın insan resursları kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Azərbaycanın ümumi demoqrafik göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında miqdarı və s.) müsbət istiqamətdə inkişaf edir. Ölkə əhalisinin sayı hazırda 9 milyondan artıqdır və artım balansı getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadrat kilometrə, təxminən 96 nəfər düşür". (Bax, s. 142)

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti