Azərbaycan, Bakı, 14 iyul /Trend/
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Mətbuat Şurasının və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib.
KİVDF-dən Trend-ə bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin icra hakimiyyəti başçılarının müavinləri, yerli mətbuat orqanlarının baş redaktorları, Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov konfransı giriş sözü ilə açaraq, mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edərək onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımıza göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan R.Hüseynov bildirib ki, ilk dəfə məhz ulu öndərin imzaladığı sərəncamla Azərbaycan mətbuatının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də milli mətbuatımıza hər zaman xüsusi diqqət göstərdiyini vurğulayan R.Hüseynov dövlətimizin başçısının imzaladığı sərəncamlarla ölkəmizdə milli mətbuatımızın yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini V.Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 2 iyun tarixli "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil edilən regional konfransın bundan əvvəl Zərdabda, Qəbələdə və Gəncədə keçirildiyini vurğulayan V.Əliyev yekun tədbirin iyulun 22-də Bakıda olacağını diqqətə çatdırıb.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən söhbət açan V.Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra milli mətbuatımızın intibah dövrünün başladığını qeyd edib.
Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran V.Əliyev həyata keçirilən tədbirlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, "Əkinçi" qəzeti ilə başlayan ənənələrin uğurla davam etdirildiyini bildirib.
V.Əliyev Azərbaycanda güclü medianın formalaşdığını bildirərək deyib: "Biz bunu Bakıda keçirilən birinci Avropa Oyunları zamanı aydın müşahidə etdik. Azərbaycan jurnalistləri əsl peşəkarlıq nümayiş etdirərək dövlətimizi layiqincə dəstəklədilər. Azərbaycan mediası Avropa Oyunları zamanı bir sıra xarici ölkələrin təşkil etdikləri "qarayaxma" kampaniyasına layiqli cavab verdi".
Regional konfransda Mətbuat Şurasının sədri Ə.Amaşovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Azərbaycanda siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu vurğulayan Ə.Amaşov ölkəmizdə milli azadlıq hərəkatının formalaşmasında medianın rolunu yüksək qiymətləndirib. Ölkəmizdə media ilə bağlı güclü qanunvericilik bazasının yaradıldığını deyən Mətbuat Şurasının sədri Azərbaycanda 5 minə yaxın KİV-in qeydə alındığını diqqətə çatdırıb.
Hazırda dünyada mətbuatla bağlı 4 nəzəriyyənin mövcud olduğunu diqqətə çatdıran Ə.Amaşov müstəqillik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, yüksək söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını diqqətə çatdırıb. O, Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib: "Azərbaycan milli mətbuatının inkişafını əsasən 4 mərhələyə bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövr; Cümhuriyyət dövrü; sovet dövrü; müstəqillik dövrü. Azərbaycan mətbuatının ən yüksək inkişaf dövrü məhz sonuncu mərhələdə - Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir".
Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başladığını bildirib. V.Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini və digər mütərəqqi islahatları diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 12 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor ötən dövrdə ölkə mətbuatının 130 və 135 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistin fəxri adlara layiq görüldüyünü, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini qeyd edib.
Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. V.Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.
İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Ötən illərdə regionlarda nəşr olunan qəzetlərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan V.Səfərli Fondun xətti ilə 82 region qəzetinə kompüterlərin və digər zəruri texniki avadanlıqların verildiyini diqqətə çatdırıb. İcraçı direktor region mətbuatının təmsilçilərini Fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində fəal iştiraka dəvət edib.
Çıxışını davam etdirən V.Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsinin dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini bildirib. 2013-cü ildə Bakı şəhərində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli binada 156 jurnalistin hər bir şəraiti olan mənzillərlə təmin olunduğunu vurğulayan V.Səfərli mətbuat işçiləri üçün hazırda inşa edilən 255 mənzilli ikinci yaşayış binasının 2016-cı ildə istifadəyə veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən ətraf rayonların icra hakimiyyətləri başçılarının müavinləri, habelə yerli qəzetlərin redaktorları region mətbuatının hazırkı vəziyyətindən, son dövrlər bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Konfransa yekun vuran Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini V.Əliyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından danışıb, verilən təkliflərə münasibətini bildirib.