...

8 mindən artıq əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Cəmiyyət Materials 22 İyul 2015 11:12 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin yanvar-iyun aylarında 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib.
8 mindən artıq əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin yanvar-iyun aylarında 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin birinci yarımilində həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda ümumilikdə 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında və əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin birinci yarımili ilə müqayisədə 119421 manat və ya 12,8 faiz çoxdur.

DƏMX tərəfindən işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılması üçün təsirli tədbirlər, habelə müvafiq mövzuda təbliğat-maarifləndirmə işləri cari ilin 6 ayında da davam etdirilib. Bu tədbirlərin növbəti müsbət nəticəsi kimi, hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti