...

Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş KİV nümayəndələrinə mükafatlar təqdim edilib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2015 21:16 (UTC +04:00)
Bu gün Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatların təqdim mərasimi keçirilib.
Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş KİV nümayəndələrinə mükafatlar təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycan milli mətbuatından bəhs edən qısa film nümayiş etdirilib. Daha sonra media nümayəndələrinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, bu il iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib. Sərəncamla 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 4 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 91 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.

Bundan başqa, 44 nəfər "Əməkdar jurnalist", 17 nəfər "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.

2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, 21 nəfər isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə mükafatlandırılıb.

Təltif olunanlar arasında Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini Cəmilə Ocaqova, baş redaktoru Vaqif Şərifov, day.az portalının baş redaktoru Elçin Vəliyev, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova ("əməkdar jurnalist" mükafatı), Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev və İngilis xəbərlər xidmətinin rəhbəri Aynur Qasımova ("Tərəqqi" medalı) da var.

Bundan sonra isə Bakı-2015 Birinci Avropa Oyunlarını ən geniş işıqlandıran kütləvi informasiya vasitələri ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Azad Azərbaycan Televiziyası, üçüncü yerə isə Trend və APA informasiya agentlikləri və "Azərbaycan" qəzeti layiq görülüb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov isə "UBM Group" şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib. Ə.Həsənov həm də "PAŞA Bank"ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb. "UBM Group" şirkəti tərəfindən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə isə Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətinə görə mükafat təqdim edilib.

Daha sonra Mətbuat Şurası tərəfindən bir sıra media qurumlarının nümayəndələrinə Ali Media mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Ali Media Mükafatının II dərəcəsinə "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının III dərəcəsinə isə "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin layiq görülüblər.

Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti