Azərbaycan, Bakı, 28 iyul /Trend/
Prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı 30-a yaxın hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.
Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, həm də xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır.
2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.
Müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 54 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 631 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər.
Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 38 namizəddən 7-si qadın olmaqla, 28-i Bakı Dövlət Universitetinin, 2-si Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 2-si Naxçıvan Dövlət Universitetinin, 3-ü Milli Aviasiya Akademiyasının, 3-ü isə digər ali təhsil müəssisələrinin məzunlarıdır.
"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az,) yerləşdiriləcəkdir.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.