...

Los Ancelesdə Azərbaycanın idman nailiyyətləri qeyd olunub (FOTO)

Cəmiyyət Materials 31 İyul 2015 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Los Ancelesdə keçirilən Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın nümayəndə heyətinin şərəfinə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən geniş tədbir və ziyafət keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə idmançılar, məşqçilər və nümayəndə heyətinin üzvləri, Los Anceles ictimaiyyətinin nümayəndələri, xarici diplomatlar və müxtəlif icmaların təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Los Ancelesdə davam edən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının 2015-ci ildə dünyada keçirilən ən böyük idman yarışı olduğunu bildirib.

N.Ağayev belə bir mötəbər yarışda Azərbaycanın iştirakının önəmini vurğulayıb və yarışın ilk günlərindən Azərbaycan idmançılarının uğurlu nəticələr göstərməyə başladıqlarını bildirib.

Baş konsul bunun bir daha Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb. N.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, bu gün qabaqcıl bir idman ölkəsinə də çevrildiyini qeyd edib.

Diplomat bildirib ki, iyun ayında ölkəmizdə keçirilən Birinci Avropa Oyunları zamanı Azərbaycanın yüksək səviyyədə nümayiş etdirdiyi ev sahibliyindən və əldə etdiyi nəticələrdən bütün Azərbaycan xalqı qürur duyur.

Sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev Los Ancelesdə keçirilən bu yarışda Azərbaycanı layiqincə təmsil etmələri üçün böyük əzmlə hazırlaşdıqlarını bildirib. O, idmançılarımızın sözügedən yarışda artıq 8 qızıl, 6 gümüş və 2 bürünc olmaqla 16 medal qazandıqlarını qeyd edərək, bu uğurların arxasında Azərbaycan Prezidentinin idmanın inkişafına əvəzolunmaz və hərtərəfli dəstəyinin dayandığını vurğulayıb.

Ş.Əliyev həmçinin, yarışda ağırlıq qaldırma üzrə 2 gümüş və 1 bürünc medal qazanmış idmançı Aytac Səmədovanı xüsusi təqdim edib. Ş.Əliyev qeyd edib ki, A.Səmədova vaxtilə Xocalı soyqırımının şahidi olub, bu soyqırımda yaxınlarını itirmiş bir ailənin qızıdır. Natiq bütün bu iztirablara, məcburi köçkün həyatına baxmayaraq, A.Səmədovanın bu gün Los Ancelesdə əldə etdiyi nailiyyətlərin Azərbaycan qızlarının dəyanətinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.

Daha sonra Beverli Hills şəhərinin sabiq meri Cimmi Delşad çıxış edib. C.Delşad belə bir mənalı tədbirə qatılmaqdan məmnun olduğunu diqqətə çatdıraraq, mer olduğu müddətdə Azərbaycana etdiyi səfərlərindən bəhs edib. O, bir çox sahələrdə Azərbaycanın bütün dünya üçün nümunə ola biləcək xüsusiyyətlərə malik olduğunu bildirərək, bu səpkidə müxtəlif dinlərin və millətlərin Azərbaycanda dinc və qarşılıqlı ehtiram şəraitində yaşamasını və qadınların hüquqlarının qorunması sahəsində əldə olunmuş yüksək nəticələri xüsusilə vurğulayıb.

Sonra Bakıda keçirilmiş İlk Avropa Oyunlarına dair video-süjetlər nümayiş olunub. Video-material qonaqlarda böyük maraq oyadıb.

Tədbirin sonunda idmançılara və nümayəndə heyətinin digər üzvlərinə hədiyyələr təqdim olunub və kollektiv xatirə fotosu çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti