Azərbaycan, Bakı, 2 avqust /Trend/
Azərbaycan Respublikası Nazirlər Kabineti "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"na dəyişiklik edilib.
Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"nın 5-ci hissəsi yeni redaksiyada verilib.
Vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsasları siyahısına aşağıdakılar daxil edilib:
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi;
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq);
bu hissənin üçüncü abzasında göstərilən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulması və ya barəsində hər hansı qətimkan tədbirinin seçilməsi (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;
xarici ölkədə daimi yaşaması;
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət etməsi və ya barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması;
yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxarılması;
yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.
Vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasından imtina edilməsi barədə qərarı təşkilat rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla, fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.