...

"Qafqazinfo" media qatarında özünə necə yer tapdı? - beş illiyə qiymət verildi (MÜSAHİBƏ) FOTO)

Cəmiyyət Materials 14 Avqust 2015 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Onlar avqustun 16-da - 5 il öncə iki nəfərlə fəaliyyətə başladılar. Adından belə iddialı olduqlarını ortaya qoydular. "Qafqazinfo" adını seçdilər. Ötən 5 ildə iddialarını sübut etmək üçün çox çalışdılar.

Trend-in müsahibi 5 illiyini qeyd edən "Qafqazinfo" internet portalının baş redaktoru Elnur Məmmədlidir.

- "Qafqazinfo" internet portalı ötən beş ildə nələrə nail oldu və nələri itirdi?

- "Qafqazinfo" fəaliyyətə başlayanda Azərbaycanda internet media qatarı artıq yola çıxmışdı. Biz bu yola çıxdıq və həmin qatarda qısa müddət ərzində özümüzə yer tapa bildik. Beş il təbii ki, indiki şəraitdə bir media quruluşu üçün kifayət qədər böyük müddətdir və bu müddətdə zirvədə olan ilk yerlərdə dayanmaq, bunu qorumaq bizim üçün çox qürürvericidir. Düşünürəm ki, bu müddətdə yalnız qazancımız oldu. Böyük təcrübə, güclü bir media qurumu olmağı, xəbər mənbəyi, oxucu kütləsi, etibarlı tərəfdaşlar qazandıq. Hazırda Azərbaycanda fəaliyyət göstərən öndə olan biznes strukturları, bir sıra dövlət qurumları "Qafqazinfo" ilə əməkdaşlıq edir və bu əməkdaşlıqda hər iki tərəf maraqlıdır. Bu etibarı və uğuru ən azı növbəti 5 ildə də qorumağa çalışacağıq.

- Siz bu 5 ildə "Qafqazinfo"nun fəaliyyətinə "5" qiymət verərdinizmi?

- "Qafqazinfo"nun fəaliyyətinə özümüzün qiymət verməyimiz doğru olmaz. Amma mən "Qafqazinfo"nun bütün əməkdaşlarının fəaliyyətinə "5" üstəgəl verə bilərəm. "Qafqazinfo" fəaliyyətə başlayanda bizim ən uğurlu addımlarımızdan biri o oldu ki, mediaya yeni ayaq basan gənclərlə işlədik. Bu gün "Qafqazinfo"da çalışanların böyük əksəriyyətinin ilk iş yeri məhz "Qafqazinfo"dur. Onlar xəbər yazmağı burada öyrəndilər. Biz onlar üçün heç bir sərhəd qoymadıq. Öz azadlıqlarını, xəbərin əldə edilməsi, onun hazırlanması, təqdimatını öz düşüncələrinə uyğun işləmək bacarıqlarını "Qafqazinfo"ya gətirdilər. Düşünürəm ki, saytın uğur qazanmasının əsas amillərindən biri də redaksiyadakı gənclik nəfəsi oldu.

- Bu gün internet mediasında "Qafqazinfo" özünü hansı pillədə görür? Və pilləkənləri sona qədər getmək gücündəsinizmi?

- Bu pillənin sonunun harada olduğunu kimsə bilmir. Mən də bilmədiyim üçün deyə bilmərəm. Amma sözsüz ki, istənilən bir yolun, pillənin bir sonu var. Nə qədər ki, yolumuz kəsilməyib, gedəcəyik. Azərbaycanda internet media yeni olsa da, kifayət qədər izləyici var. Çap mediası ilə müqayisədə intrenet medianın oxucuları bəlkə də yüz dəfələrlə artıqdır. Təbii ki, burada internet medianın çap və elektron media ilə müqayisədə daha çevik imkanlara malik olması öz sözünü deyir. Nə qədər ki, bu imkanlar mövcuddur, "Qafqazinfo" yaşayacaq.

- Gələcək layihələriniz barədə nə demək istərdiniz?

- "Qafqazinfo" fəaliyyətə xəbər yaymaqla başladı və bu gün də xəbər yayır. Düşünürəm ki, müasir dövrdə ən sadə və lazımlı layihə elə xəbər mənbəyi olmaqdır. İnsanların uzun-uzadı müsahibələr, analitik yazılar, müəllif məqalələri oxumağa vaxt və həvəslərinin olmadığını bu 5 ildə hər gün nəzərə almağa çalışdıq. Bundan sonra da xəbərləri kifayət qədər lakonik şəkildə oxuculara təqdim edəcəyik.

Trend BİA-nın kollektivi "Qafqazinfo" saytının kollektivini yubiley münasibəti ilə təbrik edir və onlara yaradıcılıqlarında uğurlar, müvəffəqiyyətlər arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti