...

Elman Məmmədov: Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə cəzalarını aldılar

Cəmiyyət Materials 14 Avqust 2015 19:09 (UTC +04:00)
“Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə Azərbaycan qanunları çərçivəsində cəzalarını aldılar”. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Elman Məmmədov: Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə cəzalarını aldılar

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə, Azərbaycan qanunları çərçivəsində cəzalarını aldılar". Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Leyla və Arif Yunus barəsində uzun müddət istintaq əməliyyatları həyata keçirilib. Millət vəkili qeyd edib ki, məhkəmə prosesi Azərbaycan qanunları çərçivəsində tam şəffaf və açıq formada aparılıb.

E.Məmmədov sonra vurğulayıb ki, hər kəs öz törətdiyi əmələ görə cəzasını alır: "Azərbaycan vətəndaşları da nə əməl törədiblərsə, hansı cinayətə yol veriblərsə, qanunlar çərçivəsində cəzalarını alırlar. Leyla və Arif Yunus da törətdikləri cinayət əməllərinə görə öz cəzalarını aldılar".

Bəzi beynəlxalq dairələrin Leyla və Arif Yunusun həbsini siyasiləşdirmək cəhdinə münasibət bildirən E.Məmmədov qeyd edib ki, bu dairələr vaxtaşırı bu cür bəyanatlarla çıxış edirlər: "Qanundan, demokratiyadan, qanunun aliliyindən, hüquqdan danışan bu qurumların bəyanatı qərəzlidir. Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur. Həmin dairələr bir növ Azərbaycan qarşısında tələb qoyur: "Siz filankəsi həbsdən azad etməlisiniz". Əgər siz dünyanı qanunçuluğa, hüququn aliliyinə çağırırsınızsa, bəs bu tələb nəyə əsaslanır? Bu, birbaşa hüquqa, qanunazidd tələbdir. Başqa bir ölkənin daxili işinə qeyri-qanuni müdaxilə etmək və hörmətsizlik etmək cəhdidir".

E.Məmmədov vurğulayıb ki, Leyla və Arif Yunusun həbs olunmasında siyasi motivlər yoxdur: "Onlar siyasi fəaliyyətlərinə görə, həbs olunmayıblar. Leyla və Arif Yunus bir neçə qeyri-hökumət təşkilatları yaradıb və qeyri-qanuni fəaliyyət göstəriblər. Hüquq-mühafizə orqanları bu şəxslərin törətdikləri cinayət əməllərini - qanunsuz sahibkarlıq fəaliyyətlərini, vergidən yayınma və dələduzluq faktlarını aşkara çıxararaq sübut edib və məhkəmə bütün bu halları nəzərə alaraq hökm çıxarıb. Bu prosesdə onların siyasi fəaliyyəti ilə bağlı heç bir hal yoxdur".

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti