...

Bələdiyyə sədri bələdiyyələrin problemlərinin əsas incəliklərini açıqladı

Cəmiyyət Materials 2 Sentyabr 2015 13:32 (UTC +04:00)
"Bələdiyyələrin qarşısında duran bir çox problemlərlə bağlı müzakirələr aparmağa böyük ehtiyac var: Bunlar mehmanxana xidmətləri ilə bağlı, dayanacaqlarla bağlı ödənişlər, səyyar və mövsümi ticarət ictimai-iaşə xidməti və əmlak vergisinin ödənilməsi üzrə problemlərdən ibarətdir".
Bələdiyyə sədri bələdiyyələrin problemlərinin əsas incəliklərini açıqladı

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bələdiyyələrin qarşısında duran bir çox problemlərlə bağlı müzakirələr aparmağa böyük ehtiyac var: Bunlar mehmanxana xidmətləri ilə bağlı, dayanacaqlarla bağlı ödənişlər, səyyar və mövsümi ticarət ictimai-iaşə xidməti və əmlak vergisinin ödənilməsi üzrə problemlərdən ibarətdir".

Trend xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkialtının (GİZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda deyib.

Mehmanxanalarla bağlı olan problemlərlə toxunan bələdiyyə sədrinin sözlərinə görə, mehmanxanalar hər ayın 5-dən gec olmamaqla bələdiyyələrə ödənişlərini həyata keçirməli, hesabat blankına, mehmanxanalar rüblük olaraq bələdiyyələrin Vergi Xidməti orqanlarına ödənişlər və adam-gecələmələri haqqında hesabat verməlidirlər: "Həmin hesabatda göstərilən mehmanxanalarda gecələmələrin sayının düzgünlüyünün yoxlanılması üçün, bələdiyyələrin Vergi Xidməti orqanı Dövlət Statistika Komitəsinə dəfələrlə sorğu yollamasına baxmayaraq, heç bir cavab ala bilmir. Bəzi mehmanxanalar isə ümumiyyətlə statistik hesabatlarını vermirlər".

N.Qaraxanov qeyd edib ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2014-ci il Nəsimi rayonu ərazisindəki mehmanxanalarda gecələmələrin sayı 149237 adam/gecələmə təşkil edir, bu isə 164160 manat yerli büdcə vəsaiti deməkdir: "Lakin bunun müqabilində ödənilən məbləğ cəmi 7058 manat təşkil edib ki, bu ödənilməli olan ümumi məbləğin cəmi 4%-ni təşkil edir. 2015-ci ilin ilk yarim illiyi üçün mehmanxanalarda gecələmələrinin sayı ümumiləşmiş rəsmi statistik göstəricilərə görə 101415 adam/gecələmə təşkil edir və məbləğ 111557 manat olmalı idi, lakin bu dövr üçün mehmanxanaların rəhbərliyi tərəfindən 14000 manat ödəniş həyata keçirilib ki, bu da həmin məbləğin cəmi 12,5%-ni təşkil edir. Bunlar hamısı ondan qaynaqlanır ki, mehmanxanalar bələdiyyə vergi xidməti orqanlarına verdikləri hesabatlarda düzgün say qeyd etmir, ödənişlərdən yayınırlar. Bu günə olan vergi yayınması 255000 manat təşkil edir. Vergilər Nazirliyi ilə birlikdə mehmanxanalarda xronometrajın hər ay, yaxud, heç olmasa hər rüb keçirilməsi mümkün olmadığından bu sahədə heç bir nəticə əldə etmək mümkün olmur".

Onun fikrincə, bələdiyyə ərazisində dayanacaqlarla bağlı olan problemdə də eyni mənzərə yaranıb: "Təəssüf ki, Dövlət Statistika Komitəsi tərəfindən "ixtisaslaşdırılmış dayanacaq xidməti" iqtisadi fəaliyyət növü kodlaşdırılmadığından bələdiyyə ərazisində fəaliyyət göstərən ixtisaslaşdırılmış dayanacaqlarda park edən nəqliyyat vasitələrinin sayı barədə heç bir məlumat almaq mümkün olmur. "Yerli (bələdiyyə) vergiləri və ödənişləri haqqında" Qanuna əsasən, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslər tərəfindən yaradılan ixtisaslaşdırılmış dayanacaqlarda hər nəqliyyat vasitəsinə görə 0,1 manatdan yuxarı olmamaqla bələdiyyə büdcəsinə ödəniş edilməlidir. Bu statistik rəqəmləri də əldə etmək, mehmanxanalar haqqında misallarda göstərmiş olduğumuz strukturlar tərəfindən məlum səbəblərdən mumkun deyil".

Bələdiyyə sədri qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təinatlı Nəqliyyat Departamentinə məxsus ixtisaslaşdırılmış dayanacaqlar bələdiyyə ödənişlərindən ciddi şəkildə yayınır: "Belə ki, bir çox hallarda " dayanacaqların dövlət mülkiyyətində olan ərazilərdə yerləşdiyi" kimi hüquqa məlum olmayan bir termini önə çəkərək bələdiyyə budcəsinə ödənişlərdən imtina edirlər. Bu günədək Bakıda yaradılmış dayanacaqlardan bələdiyyə büdcələrinə bir manat da ödənilməyib".

N.Qaraxanov deyib ki, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərlə bağlı da ciddi problemlər var: "Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin səyyar ticarət edən şəxslərdən bələdiyyələrin ödənişini odəməsinə müdaxilə etməsi başa düşüləndir, qanuna əsasən, bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlər göstərən şəxslərdən ödənişlər alınmalıdır. Bu qanunda xüsusi ayrılmış torpaq sahələri sözü onlara əsas verir ki, bələdiyyənin müdaxiləsini neytrallaşdırsın. Bu yerdə də bələdiyyələr öz torpaq sahələrinin hüdudlarını ortaya qoymaqda acizdirlər. 2000-ci ildə bələdiyələrin ərazi və torpaqlarını əks etdirən xəritələrin bir çox yerlərdə qüsurla tərtib edildiyi barədə nazirlər kabinetinə məktub ünvanlanıb və bu iş o vaxtdan 15 ildir ki, dayandırılıb. Əgər Əmlak Məsələləri Dövlət Komitəsi mubahisəli hər hansı lokal bir ərazi barədə operativ məlumat alınmasını təşkil edə bilsə, səyyari ticarət xidməti ilə məşqul olan şəxslərdən ödənişlərin keçirilməsi ilə bağlı bir aydınlıq yaranar".

Nəsimi bələdiyyəsinin sədri əmlak vergisinin ödənilməsi üzrə yaranmış problemin incəliklərini də açıqlayıb: "Əmlak vergisinin ödənilməsi üzrə başlıca iş, vergilərin düzgün hesablanıb, tədiyyə bildirişinə çap elədikdən sonra vergi ödəyicisinə çatdırılmasıdır. Bu işin görulməsi üçün isə müəyyən olunmuş qaydada Bələdiyyənin Vergi Xidməti orqanına əmlakın sənədləri və əmlak sahibinin şəxsiyyətini təsdiq edən sənəd lazımdır. Çoxmənzilli binalara daxil olmaq üçün giriş qapıların kodlaşdırılması üzündən, bələdiyyə vergi xidməti əməkdaşların əmlak sahiblərilə təmas qurması qeyri mümkündür. Bu informasiya boşluğunu ancaq Əmlak Məsələləri Dövlət Komitəsi bu əmlaklara aid olan "Çıxarış"lar haqqında verdiyi məlumatlarla doldurmaq mümkündür. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətilə hər biri 0,4 manat olmaqla ödənişli əsasla məlumatların əldə edilməsi barədə razılaşmanın olmasına baxmayaraq, müraciətlərimiz cavabsız qalır. Bu səbəbdən də çox böyük kvartallarda çoxmənzilli binaların əmlak vergisinə cəlb olunması mümkün olmur".

N.Qaraxanovun fikrincə, bu problemlər təcili şəkildə həll olunmasa Azərbaycanda bələdiyyələr yenə də öz funksiyalarını tam yerinə yetirib qarşıda duran vəzifələri həyata keçirə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti