...

Bölgələrdə əmək yarmarkaları keçiriləcək

Cəmiyyət Materials 16 Sentyabr 2015 11:15 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçirəcək.
Bölgələrdə əmək yarmarkaları keçiriləcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu həftə Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçirəcək.

ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət tərəfindən bu həftə daha 4 rayonda - sentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda Əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Həmçinin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 38 Əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2858 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti