...

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Cəmiyyət Materials 17 Sentyabr 2015 15:23 (UTC +04:00)
Cari ilin avqust ayında Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 8,2 faiz azalıb
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Ölkəmizdə sosial rifah halının getdikcə yaxşılaşması və sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin artırılması nəticəsində ünvanlı dövlət sosial yardımı alanların sayı ötən ay da azalmaqda davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin avqust ayında respublikamızda 117 846 ailə (511 963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 561 ailə (49 433 nəfər ailə üzvü) və ya 8,2% azdır. Ailə üzvlərinin sayına görə isə azalma 8,8% təşkil edib.

Ötən ay ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,27 manat (17,2 %) artaraq 151,68 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243 085 nəfər, o cümlədən, 1 yaşadək ailə üzvlərinin sayı 5838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5640 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 33 433-ü tərkibində 3 və daha çox uşağı olanlardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün texniki infrastruktur, habelə bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanır. Hazırda müvafiq proqram təminatları test yoxlamaları əsasında təkmilləşdirilir. Bu yeni sistem aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti