Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Vicdana çağırış" Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün bu təşkilatın təsisçisi və prezidenti Ravvin Artur Şnayerin dəvətilə ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə oldu.
Məlumat üçün qeyd edək ki, yarım əsrlik müddət arzində müxtəlif din ardıcılları arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideallarını uğurla təbliğ və təşviq edən, dünyanın tanınmış dünyəvi liderləri və din xadimlərinin, nüfuzlu siyasətçilər, dövlət adamlarının bir araya gəldiyi Fondda yeganə müsəlman din xadimi məhz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədir.
QMİ-dən Trend-ə verilən məlumata görə, fondun xəttilə hər il dünya çapında böyük xidmət sahibi olan nüfuzlu şəxsiyyətlərə İlin mükafatının təqdim olunması münasibətilə təşkil olunan təntənəli mərasimə Şeyxülislam A. Paşazadə dəvətli olur.
Yubiley mərasimindən öncə Şeyxülislam A. Paşazadə Nyu-Yorkda "Vicdana çağırış" Fondunun Prezidenti A. Şnayerlə görüşdü. Səmimi şəraitdə keçən görüşdə müxtəlif mövzular, ələlxüsus, dinlərarası dialoqa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra QMİ sədri mərasimə dəvət olunmuş bir sıra tanınmış dövlət və din xadimləri, o cümlədən, BMT Baş katibinin müavini Yan Eliasson, YUNESKO-nun Baş direktoru İrina Bokova, BMT Sivilizasiyalar Alyansının yuksək nümayəndəsi Naser Əl-Nassir, ABŞ yunan pravoslav kilsəsinin rəhbəri arxiyepiskop Demetriosla, Finlandiya, İsveç və b. ölkələrin rəsmiləri ilə görüşlər keçirdi.
Vatikanın Vaşinqtondakı nümayəndəsi Kardinal Mak Karrik ilə görüş zamanı Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacla ölkəmiz arasında münasibətlərin yuksək səviyyəsini rəğbətlə vurğuladı. QMİ sədri dinlərarası dialoq sahəsində əlaqələri genişləndirmək məramı ilə Vatikan kardinalı Mak Karriki Azərbaycana səfərə dəvət etdi. Azərbaycandakı nümunəvi multikulturalizm və tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən Kardinal Mak Karrik dəvəti məmnuniyyətlə qəbul etdiyini və tezliklə Bakıya səfər etmək niyyətində olduğunu dilə gətirdi.
İkitərəfli görüşlər çərçivəsində Şeyxülislam A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşdü. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulandı.
Fondun yubiley mərasiminin Nyu-Yorkda BMT Baş Assambleyasının açılışı ərəfəsində keçirilməsi tədbirin önəmini xüsusilə artırırdı. QMİ sədri A. Paşazadə, BMT Baş Assambleyasının bir çox iştirakçılarının da qatıldığı 500-ə yaxın qonaq qarşısında çıxış etdi. İlk öncə "Vicdana çağırış" Fondunun yarım əsrlik yubileyi münasibətilə öz təbriklərini səsləndirən QMİ sədri bu nüfuzlu təşkilatın başçısı Ravvin Artur Şnayeri uzun illərdən bəri dünyada sülh uğrunda, millətlər və dinlər arasında tolerantlığın, bəşəriyyətin ümumi rifahı naminə ardıcıl fəaliyyət göstərən şəxsiyyət kimi səciyyələndirdi. O, xüsusilə, A.Şnayerin Azərbaycana olan dost münasibətindən, Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüquqa istinadən ədalətli həlli istiqamətində qüvvə və səylərini əsirgəməməsindən, eləcə də şəxsən ünsiyyət imkanına malik olduğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə bəslədiyi dərin ehtiram hissindən bəhs etdi.
Şeyxülislam A. Paşazadə mötəbər auditoriyaya Azərbaycan reallıqlarını çatdıraraq, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi, söz və etiqad azadlığının, tolerantlıq, multikulturalizm mühitinin hökm sürməsi, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmadığını qeyd etdi. O bildirdi ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar tikilir, təmir-bərpa edilir, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Belə bir nümunəvi mühitin qorunub saxlanılması və dəstəklənməsinin Azərbaycan rəhbərliyinin apardığı siyasətin ayrılmaz tərkib hissəsi, eyni zamanda, xalqın həyat tərzi olduğunu vurğulayan Şeyxülislam A. Paşazadənin fikirləri mərasim iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Şeyxülislam çıxışının sonunda dünyada münaqişə və terror qurbanlarının, o cümlədən, Qarabağ şəhidlərinin, habelə 11 sentyabr faciəsi qurbanlarının ruhlarına dua etdi.
"Vicdana çağırış" Fondunun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən rəğbətlə qarşılandığını qeyd edən QMİ sədri, cənab A. Şnayer başda olmaqla bütün mərasim iştirakçılarına Azərbaycan xalqının və dövlət başçısının salamlarını çatdırdı.
Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakl Fövqəladə və Səlhiyyətli səfiyi cənab Elin Süleymanov müşayiət etdi.