Azərbaycan xəbərlər xidməti
Azər Niftiyev - Trend:
"Bu dəfə edilən kimyaterapiya əvvəlkindən 10 dəfə ağır idi. Artıq dözə bilmirdim. Artıq çox yorulmuşdum. Mən öz sağlamlığıma fikir verən olmuşam. Bir aydan bir qan analizi verirdim, həmişə də deyirdilər ki, səndə heç nə yoxdur. Çünki mən siqaret çəkməmişəm, içki içməmişəm, narkotiklərdən həmişə uzaq olmuşam. Mən indiyə qədər çəkilmiş təzə şirələr, bitki çayları içirəm. Hətta həkimlər mənə dedi ki, sən belə həyat sürməsəydin, daha pis olardı. Xahiş edirəm, mənim əl qolumu bağlayın, məni buraxmayın heç yerə".
Allah heç bir bəndəsini gənc yaşlarında canı ilə imtahana çəkməsin! Xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Hacı Nuran dünən qonaq olduğu verilişdə bu fikirləri səsləndirib. Adam öz həyatını qorumaq üçün getməlidir, ancaq getmək istəmir: "Neçə müddətdir xərçəng xəstəliyindən müalicə alırdım. Məni Bakıya gəlməyə qoymurdular. Özümə qapandım və özümü daha da pis hiss edirdim. Deyirdim ki, Bakıya qayıtmasam müalicə davam edə bilməz. Həftə sonu qayıtmalı idim. Amma bu gün həkimə zəng vurub dedim ki, mən gəlmirəm. Orada da artıq təşvişə düşüblər, 100 dəfə zəng vurublar. Telefonumu da söndürmüşəm. Mən qayıtmaq istəmirəm. Onlar da deyir ki olmaz, gəlməlisən. Çünki bu ay əməliyyat olunmalıyam. Sümük iliyinin tranplantasiyası olacaq".
Xatırladaq ki, Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən "Uniklinika"da müalicə alır. Bir neçə ildir müalicəsi davam edir. Çox nadir hallarda vətənə qayıdır və bir neçə günə yenidən Almaniyaya dönməli, müalicəsini davam etdirməlidir. Ancaq getmək istəmir, "əlimi-qolumu bağlayın, qoymayın burdan gedim" deyir. Çox təsirli səhnədir. Adam canını xilas etmək istəmir, vətənində olmaq istəyir, hətta bunun acı sonluqla bitəcəyini bilsə də. Kaş ki, hamı onun kimi vətəninə, dövlətinə bu qədər bağlı, sədaqətli olaydı.
Bir məqamı unutma, Hacı. Unutma ki, səni hamı sevir. Bu sevgini sən özün qazanmısan. Hamımızın duası səninlədir, sən yaşayacaqsan!