...

Nazir müavini: Gənclərin karyera istiqaməti çox önəmlidir

Cəmiyyət Materials 9 Oktyabr 2015 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün gənclərin karyera istiqaməti Təhsil Nazirliyi üçün çox önəmlidir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Təhsil və IX Azərbaycan Beynəlxalq Karyera sərgilərinin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, karyeranın önəmini nəzərə aldıqlarından bu sərgidə bir çox layihələrlə təmsil olunublar.

Nazirliyin keçirdiyi bəzi layihələr barədə məlumat verən C.Bayramov bu sərgidə böyük şirkətlərin təmsil olunduğunu, bu sərginin işəgötürənlərə yüksək səviyyəli mütəxəssislərin tapılması baxımından çox əlverişli imkan yaratdığını da söyləyib.

Sərginin təşkilatçısı "Caspian Event Organisers"in ("CEO") baş direktoru Fərid Məmmədov qeyd edib ki. Oktyabrın 11-dək davam edəcək sərgidə Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcək.

Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantıdır.

Sərginin daha bir debütantı isə "Lüblində təhsil al" ("Study in Lublin") təşkilatıdır. Təşkilat Lüblində (Polşa) ödənişli və şəhər təqaüdü əsasında təhsil imkanlarının geniş spektrini təqdim edir.

Sərgidə ilk dəfə iştirak edəcək xarici ali təhsil müəssisələri arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, "MİSiS" Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N.P.Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti