Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin 9 oktyabr 2015-ci il tarixli sərəncamı ilə digər təhsil işçiləri ilə bərabər, Bakı Ali Neft Məktəbinin prorektoru, professor Hümbətov Ramiz Topuş oğluna Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı verilib.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Hümbətov Ramiz Topuş oğlu 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki ADNSU) bitirib. O, 1968-1971-ci illərdə Moskvada aspiranturada təhsil alıb.
1971-1984-cü illərdə Ümumittifaq "SUGEO" İnstitutunun Bakı filialında kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri və şöbə müdiri kimi çalışıb. O, 1984-2012-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) dosent, kafedra müdirinin elm üzrə müavini, professor, kafedra müdiri, elm və texnika işləri üzrə prorektor işləyib. 2012-ci ildən Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
Ramiz Hümbətov 1974-cü ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. R.Hümbətov 1977-ci ildə böyük elmi işçi, 1988-ci ildə dosent, 2000-ci ildə professor elmi adını qazanıb. O, 1977-ci ildə Azərbaycan komsomolunun elm və texnika sahəsində mükafatı laureatı olub. 1980-ci ildə "SSRİ ixtiraçısı" medalına, 2000-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.