...

Tarixçi-alimlər dünyaya çağırış etdilər

Cəmiyyət Materials 16 Oktyabr 2015 18:18 (UTC +04:00)
Müstəqil dövlətlərin suverenliyinə xarici qəsdlər beynəlxalq münasibətlərdə özbaşınalığa gətirib çıxarır, Qafqazın və qonşu dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır.
Tarixçi-alimlər dünyaya çağırış etdilər

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Müstəqil dövlətlərin suverenliyinə xarici qəsdlər beynəlxalq münasibətlərdə özbaşınalığa gətirib çıxarır, Qafqazın və qonşu dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır.

Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bu, VIII Beynəlxalq Atatürk Konqresi iştirakçılarının dünya ictimaiyyətinə ünvanladığı müracitədə bildirilir.

Müraciətdə qeyd edilir ki, böyük dövlətlər çoxəsrlik hegemonluq siyasətlərinə uyğun olaraq, bu gün yenə də Yaxın və Orta Şərqi, Qafqazı zərbə altında tutduqları bir şəraitdə bölgə ölkələrinin alimləri yüz il əvvəlkinə bənzəyən olduqca qorxulu, dünyanın əmin-amanlığı və təhlükəsizliyi üçün təhlükə yaradan, yeni genişmiqyaslı hərbi toqquşmalara gətirə biləcək vəziyyətin müşahidə edilməsini bəyan etməyi zəruri bilirlər: "İdarə olunan xaos" vəziyyəti yaradan və bölgə ehtiyatlarına sahib olmağa can atan dövlətlərin siyasəti xüsusi təhlükə doğurur. Müstəqil dövlətlərin suverenliyinə xarici qəsdlər beynəlxalq münasibətlərdə özbaşınalığa gətirib çıxarır, Qafqazın və qonşu dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır. Xarici qüvvələr təbii sərvətlərlə zəngin olan ölkələrdə dağıdıcı ünsürləri şirnikləndirir, suveren dövlətlərdə qayda-qanunu pozur, terrorizmə, ekstremizmə və separatizmə dəstək verir. Bununla da beynəlxalq hüquq heçə endirilir, hüququn gücü yox, gücün hüququ bərqərar olunur. Biz alimlər, hesab edirik ki, müasir dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan iri güc mərkəzləri dövlətlərin parçalanmasına, minlərlə günahsız vətəndaşların məhv edilməsinə gətirib çıxaran bu məhvedici siyasətdən əl çəkməlidirlər. Hər zaman cəmiyyətin mütərəqqi qüvvəsi olan alimlər bu gün hər kəsi istər nüfuzlu dövlətlər, istərsə də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilən ikili standartları və düşünülmüş xaos siyasətini ittiham etməyə çağırır".

Müraciətdə bildirilib ki, dağıdıcı imperiya siyasətindən hazırda Türkiyə əleyhinə də istifadə olunur. Türkiyədə sabitlik bütün regionda sabitliyin mühüm şərtidir: "Yaxın Şərqdə münaqişəli vəziyyətin kəskinləşməsi bu gün Avropaya güclü miqrasiya axınına səbəb oldu. Yalnız beynəlxalq hüquq prinsipləri və normalarına dəqiq riayət etməklə, terrorizm, ekstremizm və separatizm kimi cinayətlərin kökünü kəsmək, ölkələrin və xalqların hüquq bərabərliyi, onların dinc yaşaması zəminində müasir dünya nizamını bərqərar etmək, məqsədgüdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq mümkündür. Müasir gərginlik vəziyyətində təkcə siyasətçilər deyil, eləcə də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında dialoqun inkişafı, millətlərararası və dinlərarası nifaqın hər hansı bir formada təzahürünün qarşısının alınması üçün, terrorizmlə mübarizə və silahlı münaqişələrin tənzimlənməsi naminə birgə səylərini əsirgəməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə və inanclarına hörmət təşkil etməlidir. Bu kontekstdə xalqın çoxəsrlik ənənələri və mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini təqdim edən Azərbaycanın qiymətli tarixi təcrübəsi qeyd olunmalıdır.

Biz, VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətinin diqqətindən kənarda qalmayacaqdır".

Xatırladaq ki, VIII Beynəlxalq Atatürk Konqresi AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində Gəncə şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti