...

Elmin İnkişafı Fondunun müsabiqələrinin nəticələri üzrə təqdimat keçirilib

Cəmiyyət Materials 21 Oktyabr 2015 12:11 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Bakı Dövlət Universitetinin Sosial və pedoqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş, müəllifi Turanə Əliyeva olan “Uşaq inkişafının qiymətləndirilməsi” kitabının təqdimat mərasimi və Dövlət Proqrammı çərçivəsində keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin və Qarabağ tədqiqatları üzrə 3-cü “Şuşa qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüş keçirilib.
Elmin İnkişafı Fondunun müsabiqələrinin nəticələri üzrə təqdimat keçirilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Bakı Dövlət Universitetinin Sosial və pedoqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş, müəllifi Turanə Əliyeva olan "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi və Dövlət Proqrammı çərçivəsində keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin və Qarabağ tədqiqatları üzrə 3-cü "Şuşa qrantı" müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, "Uşaq inkişafının qiymətləndirilməsi" məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək prosedurlar və qiymətləndirmə zamanı ümumi məsələlər barədə qiymətli mənbədir.

Kitabda həmçinin məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəbəqədər yaşlı uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi də təfsilatı ilə təqdim olunur. Kitab əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədilə hazırlanıb.

Elmin İnkişafı Fondunun sonuncu 2 qrant müsabiqəsinin nəticələri barədə də danışan E.Babayev deyib ki, 3-cü "Şuşa qrantı" müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 layihə qalib olub. Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi çərçivəsində layihələrdən ikisi Naxçıvanda həyata keçirilir.

E. Babayev Azərbaycanın digər regionlarından da gənc alim və mütəxəssislərin növbəti qran müsabiqəsinin qalibi olmasını arzuladıqlarını söyləyib.

Gənclər və idman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva qeyd edib ki, Elmin İnkişaf Fondunun uğurları Azərbaycan elminin uğurlarıdır.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi artıq 3 ildir ki, Azərbaycan yeniyetmələri üçün fundamental sahədə öz biliklərini sınamağa imkan verən xüsusi layihə həyata keçirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Elmin İnkişaf Fondunun uğurlu layihələr həyata keçirdiyini nəzərə çatdırıb. O, fondun elan etdiyi layihələrin qalibləri arasında qadınların xüsusi fərqlənməsinə də sevindiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti