...

Azərbaycanda insan alverinə şərait yaradan sosial problemlərlə bağlı təkliflər hazırlanacaq

Cəmiyyət Materials 22 Oktyabr 2015 10:56 (UTC +04:00)
Azərbaycanda insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına dair təkliflər hazırlanacaq.
Azərbaycanda insan alverinə şərait yaradan sosial problemlərlə bağlı təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına dair təkliflər hazırlanacaq.

Azərbaycan Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"a dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın "Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı" bölməsinə yeni məsələlər daxil edilib.

Tədbirlər planında göstərilir ki, insan alverinə məruz qalmaq ehtimalı olan əməkçi miqrantların sosial müdafiə tədbirləri ilə əhatə olunma imkanlarının asanlaşdırılması və genişləndirilməsi işləri mütəmadi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək. Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının aşkarlanması prosesinin təkmilləşdirilməsi məqsədi ilə miqrasiya, sərhəd, gömrük orqanları tərəfindən əməkdaşları üçün insan alverinə qarşı mübarizəyə və qurbanların hüquqlarına dair mütəmadi olaraq, təlimlər keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2015-2018-ci illərdə insan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməsi və aradan qaldırılmasına dair təkliflər hazırlayacaq.

2015-2018-ci illərdə tətil günlərində gəlir əldə etmək istəyən, eləcə də ilk dəfə iş axtaran gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq, əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin siyahısını dərc edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti