...

"Demokratiya Uğrunda Dünya Forumu"nda Azərbaycanla bağlı yalanlar ifşa edildi

Cəmiyyət Materials 19 Noyabr 2015 22:50 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Fransanın Strasburq şəhərində "Demokratiya Uğrunda Dünya Forumu" öz işinə başlayıb.

Trend-in məlumatına görə, forumda Azərbaycanın da media nümayəndələri iştirak edir.

Forumun "Media azadlığı üçün vətəndaş fəallığı" adlı panelində Azərbaycanda mətbuat azadlığı ilə bağlı həqiqətə uyğun olmayan əsassız fikirlər səsləndirilib.

Forumda iştirak edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Trend-ə bildirib ki, forumda Azərbaycanda media azadlığı ilə bağlı nağıl danışıldı və indiyə qədər eşidilməyən yalanlar uydurularaq auditoriyanı çaşdırmağa cəhd edildi.

A.Həsrət bildirib ki, o, paneldə söz alaraq səsləndirilən bütün fikirlərin cəfəngiyyat olduğunu panel iştirakçılarının diqqətinə çatdırıb: "Panel zamanı ən böyük yalan da bundan ibarət oldu ki, guya Azərbaycan kimi ölkələrdə hərbi büdcə üçün ayrılan maliyyə vəsaiti hakimiyyəti dəstəkləyən media orqanlarını ayaqda tutmaq üçün xərclənir. Mən bildirdim ki, əlbəttə ki, Azərbaycanda heç vaxt belə bir şey olmayıb və bütün bu deyilənlər tam əsassızdır".

A.Həsrət qeyd edib ki, ikinci bir tərəfdən paneldə iddia edildi ki, guya Azərbaycanda jurnalistlərin sərbəst fəaliyyətinə qadağalar qoyulur, əngəllər törədilir: "Mən bütün bu iddiaların tamamilə cəfəngiyyat olduğunu panel iştirakçılarının diqqətinə çatdırdım. Qeyd etdim ki, Azərbaycanda müstəqil medianın fəaliyyəti üçün heç bir əngəl yoxdur, ölkədə yüzlərlə müstəqil media orqanı, jurnalistlər fəaliyyət göstərir, özü də dünyanın hansı nöqtəsindən istəsələr yazırlar".

A.Həsrət bildirib ki, panel zamanı əcaib təkliflər də səsləndirildi: "Çox əcaib bir təklif səsləndirildi ki, Qərbin donor təşkilatları Azərbaycan kimi ölkələrə maliyyə ayırmalıdırlar, amma bu maliyyəni gizli şəkildə ayırmalıdırlar. Yəni həmin maliyyədən hökumətin xəbəri olmasın. Bütün bunlar həqiqətən bizi təəccübləndirdi".

A.Həsrət deyib ki, paneldə onun səsləndirdiyi fikirlərin qarşısında heç bir arqument qoya bilməyiblər: "Orada bir arqumentsizlik mühiti gördüm. Onların auditoriyanı aldatmaq cəhdi baş tutmadı, çünki burada iştirak edənlərin çoxu Azərbaycanın yerini heç xəritədə belə bilməyən adamlar idi, gənclər idi, başqa-başqa ölkələrdən gəlmiş insanlar idi. Yəni biz orada Azərbaycanla bağlı səsləndirilən yalanları ifşa etdik".

Qeyd edək ki, forum noyabrın 20-də öz işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti